“Son 3 oyuna bu fikirlə çıxacam” - Draqan Çeran
05.05.2015 - 14:18
“Son 3 oyuna bu fikirlə çıxacam” - Draqan Çeran

“Başqalarını deyə bilmərəm, amma mən mövsümün sonuna qədər “Simurq”da qalacam”. Bunu apasport.az saytına “Simurq”un serbiyalı hücumçusu Draqan Çeran deyib.

 

Ciddi maliyyə problemi ilə üzləşən “Simurq” artıq 6 əcnəbi futbolçusu ilə yollarını ayırıb. Hazırda komandanın heyətində cəmi 5 legioner var ki, onların da bəzilərinin yaxın günlərdə ayrılması istisna deyil. Ancaq Çeran “Simurq”un son 3 oyununda komandaya kömək edəcəyini bildirib.

 

28 yaşlı forvard Topaz Premyer Liqasında bu mövsüm 12 qola imza atıb və hazırda yalnız “Bakı”nın hücumçusu Nurlan Novruzovdan (15 qol) geri qalır. Çeran “Simurq”da qalmasını bombardirlik iddiası ilə əlaqələndirməyib: “Əlbəttə ki, hər bir hücumçu bombardir olmaq istəyər. Amma mən “Simurq”un heyətində bu qolları bombardir olmaq üçün vurmamışam. Mütləq bombardir olmalıyam kimi fikrim yoxdu. Yeganə düşüncəm komandama kömək olmaqdı. Son 3 oyunda da bu fikirlə meydançaya çıxacam”.

 

Yayda “Simurq”dan ayrılması gözlənilən Draqan Çeranın xidmətində Premyer Liqanın bir neçə iddialı komandası maraqlıdı. Lakin o, gələcək taleyi ilə bağlı qərar verməyə tələsmir: “Hələ ki, son oyunlar barədə düşünürəm. Karyeramı harda davam etdirəcəyimi isə hələ müəyyənləşdirməmişəm. Buna yayda qərar verəcəm”.

 

Qeyd edək ki, “Simurq” mövsümün son 3 turunda müvafiq olaraq “Bakı”, AZAL və “Xəzər Lənkəran”a qarşılaşacaq.

0