[b]Qasımov hakimə “daltonik” dedi: Söyməmişəm, amma söyülməlidi[/b]
05.05.2015 - 14:35
[b]Qasımov hakimə “daltonik” dedi: Söyməmişəm, amma söyülməlidi[/b]

“Yenə cəzalandırıblar, sağ olsunlar. Cəzadan Apellyasiya şikayəti etməyəcəm. AFFA məni hər dəfə cəzalandıranda, daha yaxşı işləyirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Şuşa Qarabağ” klubunun baş məşqçisi Nadir Qasımov deyib.

 

Vaxtilə Azərbaycan millisində də çalışan mütəxəssis AFFA-nın İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılıb.

 

Analoji halla tez-tez üzləşən Qasımov bu qərara münasibət bildirib: “65 yaşım var. Ömrümün yerdə qalan hissəsini də futbolçu yetişdirməyə sərf edəcəm. Bu, mənim işimdi. Artıq 50 ildi futboldayam. Sağ olsunlar, 50 illiyimə belə hədiyyə edirlər. Mənə yox, dünənki uşağa inanırlar. Deyəsən, bunların yadından çıxıb ki, bu komandanın adı “Şuşa Qarabağ”dı. Heç olmasa, bu ada hörmət qoyaydılar”.

 

I divizionun “Qaradağ Lökbatan”la görüşündə baş verənlərə görə cəzalanan Qasımov hakimləri təhqir etdiyi üçün cəzalandırılıb. O, hakimliyin səviyyəsinin aşağı olduğunu bildirib: “Hakim bizim təmiz penaltimizi vermədi. Oyun-boyu dəfələrlə kobud səhvlər etdi. Matçın sonuna 3-4 dəqiqə qalmış futbolçumuz rəqib qapıçı ilə təkbətək çıxdı. Arxadan onu vurub yıxdılar. Hakim də simulyasiya qərarı verdi. Qapıçı ilə təkbətək çıxan oyunçu niyə yıxılsın ki? Bu hakim Qusarda “Şahdağ”la oyunda da başımıza oyun açmışdı. Dünənki uşaq olsa da, “işini” yaxşı bilir.  Son oyunda rəqib qapıçımıza aşkar zərbə endirir, o da gəlib vəziyyəti simulyasiya kimi dəyərləndirir. Bu hakim daltonikdi, gözü görmür”.

 

Hakimləri deyil, topu qaçırmaq istəyənləri söydüyünü  deyən Qasımov ədalət təmsilçilərinin hamı tərəfindən təhqir olunduğunu bildirib: “Onu orada olanların çoxu söyürdü. Azarkeşlər də belə idarəçiliyə görə təhqir edirdilər. Yəqin o, mənim də onu söydüyümü fikirləşib. Amma mən başqaları ilə idim. Top hasarın o biri tərəfinə düşmüşdü. Çıxıb onlara qışqırırdım ki, top komandanındı, versinlər. Hakim də elə bilib ki, onu söyürəm. Əslində, elə söyülməli hakimdi. Özünə hörmət qoymursa, hakim adına hörmət etməlidi. Axı hakim haqq-ədaləti qorumalıdı. Hakimlər Komitəsinin işi həm Premyer Liqa, həm I divizionda özünü belə göstərir”.

 

Qeyd edək ki, “Şuşa Qarabağ” – “Qaradağ Lökbatan” oyunu 1:1 hesabı ilə başa çatıb. Qarşılaşmanın baş hakimi Xəlil Xəlilov olub ki, İntizam Komitəsi onunla bağlı ölçü götürməyi Hakimlər Komitəsinə həvalə edib.

0