[b]“Sumqayıt” rəhbərliyinin “içki” oyunu[/b]
05.05.2015 - 15:28
[b]“Sumqayıt” rəhbərliyinin “içki” oyunu[/b]

Azərbaycan yığmasının qapıçısı Andrey Popoviçin son günlər antiqəhrəmana çevrilməsinin əsl səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, içkiyə aludəçilik üzündən “Sumqayıt” tərəfindən cəzalandırılması, əsas komandadan əvəzedici heyətə göndərilməsi perspektivli qapıçı ilə bağlı “oyun”un bir hissəsidi.

 

Belə ki, ölkəmizdə çıxış etdiyi müddətdə özünü yaxşı tərəfdən göstərən qolkiperin müştərilərinin sayı gündən-günə artır. Autsayderlərdən biri olan “Sumqayıt”ın belə əlcək sahibini heyətində saxlaması də müşkül məsələyə çevrilir.

 

Avrokuboklarda oynayan komandaların maraq dairəsində olan futbolçunu itirmək təhlükəsi “Sumqayıt” rəsmilərini əl-yağa düşməyə vadar edib. Milliləşən ukraynalıya yeni müqavilə təklif edib, onu saxlamağa çalışan klubun cəhdləri də boşa çıxıb.

 

Belə ki, artıq sonuncu pillələrdə qərarlaşan komandanın xilaskarı olmaqdan bezən Popoviç daha iddialı kluba keçməyə qərar verib. Hətta o, həmyerlisi Roman Qriqorçukun baş məşqçisi olduğu “Qəbələ” ilə ilkin razılıq da əldə edib.

 

Bütün bunlar isə “Sumqayıt”da narazılığa səbəb olub. Qapıçını cəzalandırmaq üçün yollar axtaran “Gənclik şəhəri” təmsilçisi bir neçə il əvvəl içki məclisində yaxalanan, bu sahədə “adı çıxan” Andreyi gözdən salmaq üçün yenə eyni aludəçiliyini qabardıb.

 

Amma gənc qapıçı perspektivin daha önəmli olduğunu düşünüb, iddialı kluba keçmək fikrindən daşınmayıb. İndiki klubundan yerli-yersiz alınan cəzalar da onun avrokuboklarda oynayan klubda çıxış etmək istəyinə əngəl olmayıb.

 

Qeyd edək ki, Azərbaycan millisinə almaniyalı Berti Foqtsun vaxtında cəlb olunan Popoviç əsas yığmada 2 oyun keçirib. 

0