[b]Albert Səlimov: Rioda qarşıya qoyduğum məqsədə çatmağa çalışacam[/b]
05.05.2015 - 18:03
[b]Albert Səlimov: Rioda qarşıya qoyduğum məqsədə çatmağa çalışacam[/b]

Beynəlxalq Boks Federasiyası (AİBA) aprel ayının ən yaxşı boksçusunun adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının və “Baku Fires” klubunun üzvü Albert Səlimov ötən ayın ən yaxşısı seçilib.

 

Boksçumuz WSB liqasının cari mövsümündə 6 görüşdə qələbə qazanaraq, fərdi reytinqdə 2-ci yeri tutub. AİBA-nın rəsmi saytında Səlimov haqqında ətraflı məlumat verilib.

 

Albert Səlimov 1986-cı ildə Dağıstanın Kaspiysk şəhərində anadan olub. O, ilk dəfə olaraq 2004-cü ildə Koreyanın Jeju şəhərində keçirilən yeniyetmələr arasında dünya birinciliyində iştirak edib. Səlimov 20 yaşı olarkən – 2006-cı ildə böyüklər arasında Rusiya çempionatında 1-ci yerə layiq görülüb. Həmin il Bolqarıstanın Plovdiv şəhərində Avropa çempionatına qatılan boksçu qızıl medala sahib olub. Onun karyerasının əsas uğurlarından biri 2007-ci ildə dünya çempionatında ukraynalı Vasili Lomaçenkonu məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxması olub. Ancaq Səlimov 2008-ci ildə Pekin Olimpiadasında ukraynalı rəqibinə ilkin mərhələdə uduzub. Son illərdə WSB liqasında mübarizə aparan boksçunun əsas məqsədlərindən biri Rio-de-Janeyro Olimpiadasında uğur qazanmaqdı.

 

2013-cü ildən “Baku Fires” klubunun heyətində Ümumdünya Boks Seriyasında çıxış edən boksçu 60 kq çəki dərəcəsində ən yaxşılardan sayılır. O, bu mövsüm 2 qat Qazaxıstan çempionu Zakir Safiullin kimi güclü rəqibi məğlub edib. Son döyüşdə amerikalı Karlos Balderasa qalib gələn Səlimov Olimpiya oyunlarına vəsiqə qazanıb.

 

Səlimov bildirib ki, 2016-cı ildə Braziliyada baş tutacaq Olimpiadada özünü yaxşı tərəfdən göstərməyə çalışacaq: “Mən 8 il Rusiya millisinin heyətində öz çəkimdə 1-ci nömrə olmuşam. 2008-ci ildə Pekin Olimpiadasına qızıl medal qazanmaq üçün getmişdim. Amma ilk görüşdə ukraynalı Vasili Lomaçenkoya uduzdum. 2012-ci ildə London Olimpiadasına vəsiqə qazana bilmədim. Bundan sonra həyatımda müəyyən dəyişiklik etməyi qərara aldım. Əvvəlki səhvlərimdən nəticə çıxararaq, Rio Olimpiadasında qarşıya qoyduğum məqsədə çatmağa çalışacam”.

 

Qeyd edək ki, Səlimov hazırda Azərbaycan milli komandasının heyətində Meksikada təlim-məşq toplanışındadı.

0