Robert Prosineçki “Beşiktaş” xəbərinə aydınlıq gətirdi
20.05.2015 - 11:00
Robert Prosineçki “Beşiktaş” xəbərinə aydınlıq gətirdi

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki “Beşiktaş” klubunun maraq dairəsindədi. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, xorvatiyalı çalışdırıcı “ağ-qaralar”ın “sükanı arxasına” keçməyə əsas namizədlərdən biridi.

 

Belə ki, Superliqada sona 2 tur qalmış çempionluq mübarizəsindən kənarlaşan “Beşiktaş” hazırkı baş məşqçi Slaven Biliçlə yolları ayırmağa hazırlaşır. “Qara qartallar”la müqaviləsinin müddəti yayda bitəcək çalışdırıcının özü də İstanbul klubundan ayrılacağını təsdiqləyib.

 

İndidən yeni məşqçi axtarışına çıxan “Beşiktaş” rəhbərliyi 5 nəfər namizəddən ibarət siyahı tərtib edib. Şenol Günəş, Mustafa Dənizli, Mirça Luçesku və Luis Felipe Skolari ilə yanaşı, Prosineçkinin də adı həmin siyahıda yer alıb.

 

İstanbul klubu 2013-cü ildə Slaven Biliçlə anlaşmamışdan öncə də Prosineçki ilə danışıqlara başlamışdı. Ancaq həmin vaxt 46 yaşlı çalışdırıcı “Kayserispor”da qalmağı üstün tutaraq, “Beşiktaş”ın təklifini qəbul etməmişdi. Xəbərdə qeyd edilib ki, bu dəfə menecerlər vasitəsilə Prosineçki ilə danışığa başlayan “qara qartal” digər namizədlərdən gələcək cavaba uyğun hərəkət edəcək. Xüsusilə Şenol Günəş, Mustafa Dənizli və Mirça Luçesku ilə danışıqlar səmərə verməsə, rəhbərlik bütün gücünü Prosineçki ilə razılığa gəlmək üçün səfərbər edəcək.

 

Lakin Robert Prosineçki saytımıza açıqlamasında bu xəbəri təkzib edib: “Nə “Beşiktaş”dan, nə də başqa bir komandadan təklif almışam. Bu xəbəri ilk dəfə indi eşidirəm. Qısaca onu deyə bilərəm ki, yalan məlumatdı. “Beşiktaş”dan mənimlə əlaqə saxlayan olmayıb. Mənim Azərbaycan yığması ilə müqaviləm var. Hazırda yalnız bu komandanın uğurları barədə düşünürəm”.

 

Qeyd edək ki, ötən ildən millimizi çalışdıran Prosineçki məşqçilik karyerası ərzində “Srvena Zvezda” və “Kayserispor” klublarına da başçılıq edib. İlk iş yeri olan Xorvatiya millisində isə o, Slaven Biliçin köməkçisi funksiyasını yerinə yetirib.

0