[b]"Zəif qapıçını milli komandaya çağırmırlar” [/b]– Andrey Popoviç
22.05.2015 - 11:18
[b]"Zəif qapıçını milli komandaya çağırmırlar” [/b]– Andrey Popoviç

“Qəbələ”nin yeni transferi Andrey Popoviçin apasport.az saytına müsahibəsi

 

- Mövsüm başa çatan kimi “Qəbələ”nin heyətinə qoşulacaqsız. Məlumdu ki, “Sumqayıt”la müqayisədə yeni komandanızda rəqabət daha güclüdü. Buna hazırsızmı?

- Bəli, hazıram. Əgər hazır olmasaydım və yaxud nədənsə qorxsaydım, “Qəbələ”yə keçməzdim. Doğrudu, “Qəbələ”də güclü rəqabət var. Amma rəqabət yaxşı şeydi. Və mən bundan çəkinmirəm.

 

- “Qəbələ”nin əsas qapıçısı Dmitri Bezotosnı haqda fikirləriniz necədi? Onu heyətdən sıxışdırıb çıxara biləcəksizmi?

- Bezotosnı güclü qapıçıdı. Əgər belə olmasaydı, vaxtilə Ukraynanın yüksək dəstə komandaları “Çernomorets” və “Metallurq”da (Zaporojye) oynamazdı. “Çernomorets”də çıxış etdiyi ərəfədə Ukrayna yığmasına da dəvət alırdı. Zəif qapıçı bu klublarda oynaya bilməz və milliyə çağırılmaz. Çünki yığmaya elə-belə qapıçıları çağırmırlar. Amma mən də “Qəbələ”yə ehtiyatda oturmağa getmirəm. Özümü göstərmək istəyirəm. Bilirəm ki, işim çətin olacaq. Lakin həm rəqabətə, həm də mübarizəyə hazıram. Orda bilinəcək ki, kim güclüdü və kim oynamalıdı?

 

- Roman Qriqorçukun futbolçusu olmaq böyük məsuliyyət tələb edir. Yəqin ki, bunu dərk edirsiz...

- Qriqorçuku güclü məşqçi sayıram. Ukraynada bir çox uğura imza atıb. “Qəbələ”dəki işi də göz qabağındadı. Komanda onun rəhbərliyi altında uzun müddətdi məğlub olmur və baxımlı oyun göstərir. Düzdü, ilk vaxtlar Qriqorçuku çox tənqid edirdilər. Nə var, nə var “Qəbələ” 2-3 oyunda uduzmuşdu. Axı heç bir məşqçi komandaya gələn kimi öz oyun sistemini aşılaya, qələbələri sıralaya bilməz. Bu, mümkün deyil. Qriqorçuka vaxt verildi və o da özünü göstərə bildi. Əminəm ki, növbəti mövsümdə “Qəbələ” daha yaxşı nəticəyə imza atacaq.

 

- Karyeranızda Qriqorçuk kimi təcrübəli məşqçi ilə çalışmadığınızı demək olarmı?

- Düzünə qalsa, onun kimi təcrübəli məşqçi ilə çalışmamışam. Karyeramda daha çox azərbaycanlı məşqçilərlə işləmişəm. Onlar da yaxşı məşqçilər olublar. Xaricilərdən isə yalnız Berti Foqts və Robert Prosineçki ilə işləmək imkanım olub.

 

- “Qəbələ” keçən il Avrokubokda ilk mərhələdəcə mübarizəni dayandırmışdı. Bu dəfə komandadan hansı nəticəni gözləmək olar? Hazırkı heyətlə “Qəbələ” Avropa Liqasında neçə mərhələ adlamaq gücündədi?

- Çətin sualdı. İndiki məqamda “Qəbələ”nin yaxşı heyəti var. Ancaq əminəm ki, komanda bir qədər də gücləndiriləcək. Daha güclü olmaq üçün yəqin ki, yeni futbolçular cəlb ediləcək.

 

- Azərbaycan yığması AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində gələn ay Norveçin qonağı olacaq. Necə düşünürsüz, Robert Prosineçki sizi də bu toplanışa çağıracaqmı?

- 90 faiz əminəm ki, Prosineçki bu dəfə məni milliyə dəvət etməyəcək. Çünki son 5-6 oyunda iştirak etməmişəm. Milliyə klublarında oynayan futbolçular çağırılırlar. Prosineçkinin gəlişindən sonra hər iki toplanışda yer almışam. Çünki həmin vaxt mütəmadi oynayırdım. İndi oynamıram, bu səbəbdən də Prosineçki məni çağırmayacaq. Üstəlik, söz-söhbətlər yayıldı ki, guya mən “Sumqayıt”da nizam-intizamı pozmuşam. Təbii ki, bunları Prosineçki də eşidir, hər şeydən xəbərdardı. Bir sözlə, Prosineçkinin məni Norveçlə oyuna çağıracağına inanmıram.

 

- Yeri gəlmişkən, intizamsızlıq etməyinizlə bağlı çox danışıldı. Hətta içkili olduğunuz üçün məşqlərə qatılmadığınız da deyilirdi. Bunlar həqiqət idi, yoxsa “Sumqayıt”ın “Qəbələ”yə keçidinizə mane olmaq planı?

- Düzü, bunun kimlərin planı olduğunu bilmirəm. Təkcə onu deyə bilərəm ki, doğru məlumat deyildi. Bütün bunlar baş verəndən sonra klubun düşərgəsinə getdim və rəhbərliklə danışığımız oldu. Hər şeyi izah etdim, bir-birimizi başa düşdük. Dedim ki, içki söhbəti yalandı, onlar da məni başa düşdülər. Bu məlumat necə yayıldı, bilmirəm. Məşqlərə qatılmayanda həm klub rəhbərliyinə, həm də məşqçilərə zəng edib vəziyyəti izah etmişdim.

 

- Bəs həmin müddətdə məşqlərə qatılmamağınızın əsl səbəbi nə idi?
- Ailəmlə bağlı ciddi problemim var idi. Həmin vaxt, ümumiyyətlə, istəyirdim ki, Ukraynaya gedim, evə baş çəkim. Ancaq sonra başa düşdüm ki, bu, mümkün deyil, çünki oyunlarımız var idi. Bundan sonra komandaya qayıdıb, əsl səbəbi, olanları danışdım. Rəhbərlik də məni başa düşdü və yenidən məşqlərə qatıldım.  

 

Tengiz MƏMMƏDOV

 

0