“Nə qədər təcrübəli olsan da, son sözü məşqçilər deyir” - Aqil Məmmədov
22.05.2015 - 15:04
“Nə qədər təcrübəli olsan da, son sözü məşqçilər deyir” - Aqil Məmmədov

“Milliyə dəvət aldığım xəbərini ilk dəfə eşidəndə çox sevindim. Hər bir futbolçunun gözü daim millidə olur”. Bunu apasport.az saytına “Neftçi”nin qapıçısı Aqil Məmmədov deyib.

 

Yığma komandamızın baş məşqçisi Robert Prosineçki iyunun 7-də Serbiya ilə yoxlama, 12-də isə Norveçlə seçmə mərhələ matçının heyətini açıqlayıb. Xorvatiyalı mütəxəssisin dəvətliləri arasında Aqil Məmmədov da olub. 26 yaşlı qolkiper bundan sonra daim dəvət almaq istəyində olduğunu da gizlətməyib: “Millinin formasını geyinmək, xalqımıza xeyir vermək hər bir futbolçu kimi, mənim də arzumdu. Allah orda olmağı mənə qismət elədisə, inşallah, ardı da gələr”.

 

Məmmədov millidəki digər qapıçılarla bağlı fikirlərini də bildirib. “Neftçi”nin oyunçusu onlarla rəqabətə hazır olduğunu qeyd edib: “Kamran Ağayev, Emil Balayev və bu dəfə çağırılmayan Səlahət Ağayev güclü qapıçıdı. Onların hamısı ilə çox yaxşı münasibətim var. Amma bilirik ki, millidə əsas heyətə düşmək üçün bir-birimizlə rəqabət aparmalıyıq. Şəxsən mən bu rəqabətə hazıram və bunun üçün kifayət qədər təcrübəm də var. Amma nə qədər təcrübəli olsan da, son sözü məşqçilər deyir. Mən əlimdən gələni edəcəm ki, məşqçilər korpusunun inamını qazanım”.

0