Bakı-2015: Məşəl Ağdaşda qarşılanıb, Mingəçevirə yollandı - FOTOSESSİYA
22.05.2015 - 16:51
Bakı-2015: Məşəl Ağdaşda qarşılanıb, Mingəçevirə yollandı - FOTOSESSİYA

 Mayın 22-də Bakı-2015 ilk Avropa Oyunlarının məşəli Göyçaydan Ağdaş rayonuna gətirilib. APA-nın yerli bürosunun xəbərinə görə, şəhərinin giriş hissəsində Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub.

 

Bakı-2015-in simvolik qapısında rəmzi məşqçi-müəllim Rüstəm Şamilov qəbul edib. Sonra ölkəmizi müxtəlif yarışlarda uğurla təmsil edən 10 məşəlçi yürüşə başlayıb.

 

Məşəli növbə ilə bir-birinə ötürən idmançılar 3 km məsafə qət ediblər. Onlar Heydər Əliyev prospekti boyunca hərəkət edərək rayon icra hakimiyyətinin qarşısındakı Heydər Əliyev Meydanına gəliblər. Rayonun ictimai fəal gənci, tələbə Səbinə Əlipaşayeva yürüş yerinin finiş xəttində quraşdırılan səhnəyə çıxaraq buradakı məşəli alovlandırıb.

 

Rəmzdən götürülən alovla yandırılan Bakı-2015-in çırağı rayon sakinlərinə təqdim edilib. Çırağı boks üzrə üçqat Azərbaycan çempionu Rüfət Nəbiyev alovlandırıb. Ardınca simvolik məşəl Heydər Əliyev Mərkəzinə təqdim olunub və Avropa Oyunları başa çatana qədər burada yanacaq. 

 

Məşəl buradan Mingəçevirə yola salınıb və burada estafetlə yanaşı, Alov festivalı da nəzərdə tutulub. 

0