[b]Pley-off başlayır![/b] Yığmamız Sloveniya ilə bacara biləcəkmi?
22.05.2015 - 16:41
[b]Pley-off başlayır![/b] Yığmamız Sloveniya ilə bacara biləcəkmi?

Sabah qadın voleybolçular arasında Avropa çempionatının pley-off mərhələsinin ilk oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, baş tutacaq 3 oyunla Belçika və Hollandiyada təşkil olunacaq final mərhələsinə son 3 vəsiqə uğrunda mübarizəyə start veriləcək.

 

6 iddiaçıdan biri Azərbaycan millisidi. Faiq Qarayevin yetirmələri ardıcıl 6-cı dəfə həlledici mərhələyə yüksəlmək üçün Slovakiya yığması ilə münasibətinə aydınlıq gətirəcək.

 

Komandamız şərqi avropalılarla ilk görüşünə Bakıda çıxacaq. Matçın aşkar favoriti olan voleybolçularımızın büdrəyəcəyi inandırıcı görünmür. Çünki əsasını təcrübəli voleybolçularla gənclərin sintezi təşkil etdiyindən millimizin şansları yüksək qiymətləndirilir.

 

Düzdü, Avro-2013-də zəif çıxışdan sonra milli karyerasını bitirdiyini elan edib, sonra fikrini dəyişən, lakin həmin vaxtdan yığmanın formasında görə bilmədiyimiz Natalya Məmmədova yenə matçı azarkeş kimi izləyəcək. Onun yoxluğuna alışan komandamızda əsas yük bu dəfə də Polina Rəhimova, Odina Bayramova, Anastasiya Qurbanova, Yana Ağayeva və ya Yekaterina Jidkovanın üzərinə düşəcək. Bloka gəlincə, hazırda yaxşı formada olan Kseniya Poznyakla Ayşən Abduləzimovanın həmişəki kimi əsas heyətdə oynayacaqlarını gözləməyə dəyər. Libero mövqeyində də vəziyyət ürəkaçandı. Son yarışlarda əvəzetmələrlə meydanda olan Oksana Kiselyova ilə Ceyran Əliyevaya Valeriya Korotenko da qoşulub. Analıq məzuniyyətindən qayıdan təcrübəli oyunçumuzun “altılıq”da olub-olmayacağına isə baş məşqçi qərar verəcək. Toppaylayıcı mövqeyində də hər şey qaydasındadı. Əgər Oksana Kurt (Parxomenko) zədə səbəbindən öz oyununu göstərə bilməsə, Natəvan Qasımova, Kristina Yaqubova və ya Anastasiya Muzika “döyüşə” atıla bilər. 

 

Bu oyunda qələbə komandamız üçün mühüm əhəmiyyət də kəsb edir. Çünki qalib gələcəyimiz halda, mayın 30-da səfərdə baş tutacaq cavab görüşünə rahat yollanacağıq və Avropa Oyunları öncəsi gücümüzü bir daha sübut edəcəyik.

 

Lakin slovakiyalıların da asan məğlub olacağı gözlənilən deyil. Bakıya iddialı gələn rəqib burada ən azı 2 set qazanmaq arzusundadı.

 

Pley-off mərhələsinin digər cütlərində Fransa Sloveniyanı, Ukrayna Belarusu sınağa çəkəcək.

 

Avro-2015

23 may

18:00. Azərbaycan – Slovakiya

Hakimlər: İlhami Şenyurt (Türkiyə), Alim Batyuk (Ukrayna)

Bakı, Voleybol Mərkəzi

0