[b]“Avropa Oyunları barədə düşünmək belə məni həyəcanlandırır” - MÜSAHİBƏ[/b]
22.05.2015 - 17:33
[b]“Avropa Oyunları barədə düşünmək belə məni həyəcanlandırır” - MÜSAHİBƏ[/b]

Olimpiya idman növü olan qadın idman gimnastikası iyunda Bakıda təşkil olunacaq Avropa Oyunlarında təmsil olunan idman növlərindən biridi. Apasport.az saytının məlumatına görə, Azərbaycanı yarışda bu idman növü üzrə 3 gimnast təmsil edəcək və onlar 6 cüt medal uğrunda – komanda hesabı, şəxsi növçülük, ayrı-ayrı alətlərdə - gimnastika tiri, müxtəlif hündürlüklü qollar, dayaqla tullanma və sərbəst hərəkətlərdə mübarizə apacaqlar.

 

Azərbaycan Gimnastika Federasiyası ənənəvi olaraq, Oyunların mümkün iştirakçılarında biri - Yuliya İnşına ilə həmsöhbət olub. Gimnast idmana gəlişi və ən vacib yarışa necə hazırlaşmağı barədə danışıb.

 

- Gimnastikaya gəlişiniz necə alındı?

- Mən bağçada olanda gənc məşqçilər gəldi və bizə dəvətnamələr payladılar. Valideynlərim məni zala aparmaq qərarına gəldilər və hər şey buradan başladı. Lakin, bu, mənim seçimim idi. İlk gün biz batutda hoppanır, müxtəlif hündürlüklü qollarda sallanırdıq. Bu mənim çox xoşuma gəldi.

 

- Necə düşünürsüz, başqa idman sahəsində uğurlu ola bilərdizmi?

- Batut gimnastikası ilə və ya suda hoppanma ilə məşğul olmağı arzulayardım.

 

- Yarış günü emosiyalarınızla necə bacarırsız? Təmkinli olmağınızın sirri nədədi?

- Xüsusi sirləri yoxdur, sadəcə özümü sakitləşdirməyə çalışıram. Çalışıram ki, tamaşaçılar, tribunalardakı azarkeşlər barədə düşünməyim, ancaq alətimi görürəm. Məşqçi də məhz bizə bunu öyrədib.

 

- Fikrinizcə, hər hansı idman növündə vacib olan nədi?

- Heç zaman təslim olmamaq. Əgər hər hansı uğursuzluq və ya düşmə ehtimalı varsa, ən əsası təslim olmamaqdı.

 

- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidi? Yoxsa, bu idman növündən asılıdı?

- Əlbəttə, idman növündən asılıdır. Fikrimcə, bizim idman növü hər gün təhlükəlidi. Çünki, biz tez-tez alətdən yıxılırıq. Amma zədələrdən qaçmaq üçün bizə düzgün yıxılmaq qaydalarını öyrədiblər.  

 

- İdmanda kumiriniz varmı?

- Əgər idman gimnastikasından danışırıqsa, əvvəllər Svetlana Xorkina idi. İndi isə Aliyə Mustafina, Simona Baylz və Larisa İordaçedi.

 

- Gələcək planlarınız barədə nə deyə bilərsiz?

- Bu həftə biz Portuqaliyaya, Dünya Kuboku yarışına yollanırıq. Əlbəttə, əsas hədəflərimdən biri Avropa Oyunlarıdı. Planda heç kəsi məyus etməmək və yaxşı çıxış etməkdi.

 

- Avropa Oyunları sizin üçün nə kəsb edir və ona necə hazırlaşırsız?

- Bu yarışın mənim üçün nə məna kəsb etdiyini sözlə ifadə etmək çətindi. Bu barədə düşünmək belə məni çox həyəcanlandırır. Mənim üçün ən böyük yarış dünya çempionatı idi, orada qarışıq emosiyalar, çox sayda insanlar var idi. Eyni zamanda, həm gülmək, həm ağlamaq istəyirdim, təlaş içində idim. Oyunlar barədə, xüsusilə bu yarış Azərbaycanda keçirilsə söz tapmaq çətindi. Lakin, düşünürəm ki, daha asan olacaq, çünki bizi dəstəkləyən insanlar çox olacaq.

 

- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyiniz başqa arzularınız, məqsədləriniz nədi? 

- Hələlik yoxdu. İstərdim tibb sahəsində təhsil alım, lakin bunun üçün ilk öncə peşəm üzrə idman universitetlərindən birini bitirməliyəm, daha sonra baxarıq, bəlkə fikrimi dəyişdim (gülür). 

 

- İdmanla gündəlik həyatını birləşdirə bilirsizmi?

- Vacib yarışlar olmayanda bu mümkündü, amma yarışlar zamanı məşqlərdən sonra yoruluram. Təkcə seriallara baxmağa imkan olur, başqa heç nəyə.

 

- Ailəniz barədə nə deyə bilərsiz?

- İdmançı ailəsi deyilik. Tək qardaşım gimnastikayla məşğul olur. Valideynlərim məni hər zaman dəstəkləyir. Anam çox narahat olur, atam büruzə verməsə də, hər zaman mənlədi.

 

- Sevdiyiniz şəxs varmı?

- Müxtəlif variantlar ola bilər (gülür), lakin hələlik mən böyük idmandayam, ciddi münasibətlər qurmaq mümkün deyil. Əlbəttə, gələcəkdə seçəcəyim insanın idmançı, qeyri-adi insan olmasını istərdim.

 

- Adətən azarkeşləriniz tribunlardan sizi necə dəstəkləyirlər? Onlardan nə eşitmək istərdiz?

- Sonuncu çempionatda (açıq Azərbaycan çempionatını nəzərdə tutur - red) xüsusi olaraq, “Lezginka” musiqisi sədası altında nümayiş etdirdiyim sərbəst hərəkətlərdən öncə hər kəs “Yuliya irəli!” deyə qışqırırdı. Onlara dəstək olduqları üçün təşəkkür edirəm. Ümid edirəm ki, oyunlarda dəstək daha çox olacaq.

0