[b]Tahir Gözəl: Kaş, mən də orda olaydım [/b]- MÜSAHİBƏ
22.05.2015 - 22:34
[b]Tahir Gözəl: Kaş, mən də orda olaydım [/b]- MÜSAHİBƏ

Topaz Premyer Liqasının XXXV turunda “İnter”lə oyunda 1:2 hesabı ilə uduzmasına baxmayaraq, qızıl medallara və çempionluq kubokuna qovuşan “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl mükafatlandırma mərasimindən əvvəl apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Çempionluq təəssüratlarınızı bilmək maraqlı olardı...

- Bu gün mükafatımıza qovuşsaq da, qəlbimiz yaralıdı. Sevincimizi tam yaşaya bilmirik. Digər tərəfdən, bir dərdə azacıq da olsa, şərik çıxmağa çalışdıq. “Qarabağ” bunu bacardı. Çünki klubumuz Azərbaycanda çox sevilir. Təbii ki, klub rəhbəri kimi, mən də sevinirəm. Çünki “Qarabağ” bu uğuru qazanmaq üçün çətin yol qət etdi, ağır oyunlar keçirdi. Burda olmağıma, bu uğuru qeyd etməyimə şükür edirəm.

 

- Əslində, komanda çempionluğu “Sumqayıt”la oyunda təmin etdi. Amma siz həmin matçı izləyə bilmədiniz. Buna görə təəssüflənirsinizmi?

- Həmin vaxt ölkə xaricində idim. Klubda iki vəzifəni daşıyıram: həm vitse-prezidentəm, həm də maliyyə işlərinə yardım etmək üçün çalışıram. Çox işləyirəm. Açığı, həmin oyunda çempion olacağımızı heç gözləmirdim. Bunu eşidən zaman təəssüfləndim. Dedim, kaş mən də orda olaydım.

 

- Çempionluğu xüsusi şəkildə qeyd edəcəksiniz?

- Fikrimizdə tədbir keçirmək var. Dost-tanışları başımıza yığacağıq.  

 

- Ağdama səfər nəzərdə tutulubmu?

- Hazırkı məqamda yox. Sabah necə olacaq, bunu deyə bilmərəm. Baş verən yanğın hadisəsi və insanların dünyasını dəyişməsi bizi çox kədərləndirib.

 

- Əksər klublarımızda maliyyə ilə bağlı problemlər yaranıb. Bəs “Qarabağ”ın durumu necədi?

- Hələ ki, bizdə bu problem hiss olunmur. Bu günə qədər “Azərsun”un sponsorluğu ilə heç bir ödəməni gecikdirməmişik. Prezidentin qayğısı, xalqın dəstəyi ilə bu cür də davam edəcəyik.

 

- Transferlərə başlamısınız və iki yerli futbolçu ilə anlaşmısınız. Bəs əcnəbilərlə necə, güclənməyi düşünürsünüzmü?

- Yeni transferlərimizdən Elvin Məmmədovu çox bəyəndim. İkinci qolun ötürməsini də o verdi. Klubumuz güclənib. “Qarabağ” ötən illə müqayisədə çox güclənib. Artıq rəqiblərimiz üçün başağrısı olacağıq.

 

0