[b]"İnter"in futbolçusu Nikolovu yalançı çıxartdı[/b]
23.05.2015 - 10:47
[b]"İnter"in futbolçusu Nikolovu yalançı çıxartdı[/b]

“Qarabağ”la oyunda qələbə qazanan “İnter” ölkəmizi növbəti dəfə Avropa Liqasında təmsil edəcək. Apasport.az saytının əməkdaşının suallarını cavablandıran paytaxt təmsilçisinin müdafiəçisi Laşa Salukvadze klubdakı qeyri-müəyyənliyə də toxunub.

 

- Çempion olmasanız da, çempionu məğlub etdiniz…

- Layiqli qələbə qazandıq. Qolların davamını gətirmək üçün yenə şansımız oldu, sadəcə imkanlardan istifadə edə bilmədik. Oyunun nəticəsini bir kənara qoyub, “Qarabağ”ı çempion olmağı münasibətilə təbrik edirəm. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram.

 

- Bəs “İnter” niyə çempion ola bilmədi?

- Konkret bir söz deyə bilmərəm. Özünüz də bilirsiz ki, son 3 ayda komandada ciddi problemlər yarandı. Düzdü, bunu bəhanə etməzdim. Görünən odu ki, “Qarabağ” “İnter”dən daha güclü idi və ona görə də çempion oldu.

 

- Bu günlərdə klubun prezidenti Georgi Nikolovla görüşünüz oldu. Həmin görüşdən sonra futbolçulara hansısa ödəniş həyata keçirildimi?

- Onunla komandanın bütün üzvləri yox, bir neçə futbolçu görüşdü. Hər şeyin qaydasına düşəcəyini dedi. Amma hələ ki, bunu görmürük.

 

- Gümüş medal qazandınız. İkinci yeri “İnter” üçün uğurlu saymaq olarmı?

- Əlbəttə, bizim üçün uğurlu nəticədi. Bir neçə komanda var ki, onların büdcələri bizdən qat-qat çoxdu, amma turnir cədvəlində “İnter”dən geridədilər. Avropa Liqasında çıxış etmək də bir uğurdu.

 

- Mövcud durumla əlaqədar “yarpaq tökümü” başlayıb. Elvin Məmmədovla Coşqun Diniyev artıq “Qarabağ”la anlaşıb, Arif Daşdəmirov isə “Qəbələ”yə yollanır. Komandanız Avropa Liqasında kimlərlə mübarizə aparacaq?

- Çox çətin olacaq. Azərbaycanda yerli futbolçu problemi var. Onların sayı çox deyil. Ən yaxşılar “Qarabağ”da, “Neftçi”də çıxış edirlər. Adını çəkdiyiniz futbolçuların gedişinə irad bildirmək olmaz. Çempion komandaya yollanıblar.

 

- Bəs legionerlər hansı addımı atacaqlar? Özünüz “İnter”də qalacaqsızmı?

- Yayda müqaviləm başa çatacaq. Əslində, qalıb, daha bir il oynamaq istəyirəm. Amma komandada ciddi problemlər var. Əvvəlcə qalmağımı istədilər, sonradan isə mövcud problemlər yaşandı. Ona görə məsələ hələ açıq qalıb. Necə olacağını zaman göstərəcək.

 

0