Məhəmməd Mirzəbəyov: “Qəbələ” neçə illik müqavilə təklif edəcəksə, razılaşacam - MÜSAHİBƏ
23.05.2015 - 14:30
Məhəmməd Mirzəbəyov: “Qəbələ” neçə illik müqavilə təklif edəcəksə, razılaşacam - MÜSAHİBƏ

“İnter”in və milli komandanın futbolçusu Məhəmməd Mirzəbəyovun apasport.az saytına müsahibəsi

 

- Mətbuatda “Qəbələ”yə keçdiyiniz haqda məlumat yayılıb. Doğrudumu?

- Bəli, “Qəbələ” ilə danışıqlar gedir. Amma hələ yüz faiz dəqiqləşməyib. “Qəbələ”dən gələn təklifi müzakirə edirik, danışıqlar davam edir.

 

- Danışığınızdan belə hiss olunur ki, “Qəbələ”nin təklifini geri çevirməyəcəksiz…

- “Qəbələ”də oynamağa qarşı deyiləm. Bu komanda yayda Avropa Liqasında mübarizə aparacaq. Baş məşqçiləri də güclüdü. Təbii ki, belə bir komandada oynamaq istərdim. “İnter”dən də Kaxaber Sxadadze gedir. Məncə, “İnter”in işi çətin olacaq.

 

- Başqa təkliflər də var idi, yoxsa sizinlə ancaq “Qəbələ” maraqlanırdı?

- Təkliflər indi də var. “Xəzər Lənkəran”la da danışıq aparırdım. Sonra “Qəbələ”dən təklif gəldi. Özümlə heç kim əlaqə saxlamayıb, agentimlə danışıblar. Bu işlə o, məşğul olur. Mənim işim futbol oynamaqdı. İnşallah, müqavilə bağlayaram və karyeramı “Qəbələ”də davam etdirərəm.

 

- “Qəbələ” ilə imzalayacağınız müqavilənin müddəti neçə illik olacaq?

- Hələ danışıqlar bitməyib. Onlar necə istəyəcəklərsə, elə də edəcəyik. Müqavilənin müddəti qarşı tərəfdən asılıdı. Yəqin ki, “Sumqayıt”la oyuna kimi bu məsələyə aydınlıq gələcək.

 

- Sizin kimi, Arif Daşdəmirov da karyerasını “Qəbələ”də davam etdirəcək…

- Mən də eşitmişəm bunu. Bildiyim qədərilə, o da “Qəbələ”yə keçir.

 

- “Qəbələ”də Ruslan Əmircanov, Ruslan Tağızadə və Ürfan Abbasov kimi cinah müdafiəçiləri var. Yəni, heyətə düşmək üçün rəqabətdən qalib ayrılmalı olacaqsız…

- Rəqabət təkcə “Qəbələ”də deyil, “İnter”də də var idi. Təbii ki, heyətə düşmək üçün əziyyət çəkməlisən. Mənim üçün rəqabət aparmaq maraqlıdı. İnanıram ki, kim güclüdüsə, o da oynayacaq. Baş məşqçinin ədalətli davranacağına əminəm. Bir də ki, rəqabət təkcə futbolda deyil, həyatdadı.

 

- “İnter”in bir neçə futbolçusu digər klublarla artıq anlaşıb. Necə düşünürsüz, klubun aqibəti necə olacaq?

- Allah eləsin, hər şey yaxşı olsun. Çünki “İnter” yaxşı klubdu, Azərbaycan futbolunda həmişə sözünü deyib. Erkən yaşlarımdan “İnter”ə düşdüm və bir futbolçu kimi burda püxtələşdim. Buna görə, əziyyəti olan hər kəsə minnətdaram. Çox istərdim ki, “İnter” fəaliyyətini davam etdirsin.

 

- “İnter” rəhbərliyinin futbolçuların maaşını verəcəyinə inanırsızmı?

- Gecikmə davam edir. Təkcə futbolçular yox, klubda çalışan bütün insanlar maaşlarını ala bilməyiblər. Düzdü, rəhbərlik söz verib ki, pullarımız veriləcək. Amma necə olacağını bilmirəm. Ümid edirəm ki, rəhbərlik sözünü tutacaq və maaşlarımızı ala biləcəyik.

 

Tengiz MƏMMƏDOV  

0