[b]“Xeyli vaxtdan sonra kubok oyununa çıxmaq çətin olacaq”[/b] – Maksim Medvedev
24.05.2015 - 13:38
[b]“Xeyli vaxtdan sonra kubok oyununa çıxmaq çətin olacaq”[/b] – Maksim Medvedev

Topaz Premyer Liqasının 2014/15 mövsümünün çempionu olmuş “Qarabağ”ın bu uğurunda əsas söz sahiblərindən biri də şübhəsiz ki Maksim Medvedev oldu. Milli komandamızın da şərəfini qoruyan müdafiəçi apasport.az saytına müsahibəsində çempionluqdan və komandanın digər hədəflərindən danışıb.

- “Qarabağ” mövsümün son oyununda “İnter”ə məğlub oldu. Düşünmək olarmı ki, həmin oyuna köklənə bilməmişdiniz?

- Bilirdik ki, artıq çempion olmuşuq. Belədə köklənmək də çətin olur, motivasiyalı olmaq da. “İnter”lə oyun əslində “Neftçi” ilə keçirəcəyimiz ölkə kubokunun final matçına bir hazırlıq idi. Həm də özümüzü zədədən qorumağa çalışdıq.

- Bəlkə “İnter” qələbə qazanmaqla sizdən zəif olmadığını sübut etməyə çalışdı?

- Nə qədər sübut etmək istəsə də, “Qarabağ” çempiondu. Bunu heç nə dəyişə bilməz. Amma “İnter”in də yaxşı nəticələri oldu. Onlar da çempion ola bilərdilər. Ancaq qismətdə “”Qarabağ” var imiş. Ola bilsin ki, rəqib son oyunlarda bizdən daha həvəsli olub.

- Ötən mövsümdə də mükafatlar təqdim edilən zaman matçı məğlub tərk etmişdiniz. “Xəzər Lənkəran”la oyunu deyirəm. Bu dəfə də yenə uduzdunuz. Bu bir təsadüfdü?

- Ötən ilki oyun yadımda deyil. Bilirsiniz, çempion olduqdan sonra toparlanmaq çətin olur. Özünüz də gördünüz ki, müəyyən dəyişikliklər var idi, boşluqlar yaranmışdı. Amma oyunumuz pis alınmadı.

- Kubokun finalına hazırlaşmaq üçün daha çox vaxtınız olacaq. Bunu əlavə üstünlük sayırsınızmı?

- Əksinə, bizə kubokun finalına qədər ən azı 2 oyun keçirmək sərf edərdi. Formada qalmaq üçün bu vacibdi. Xeyli vaxtdan sonra kubok oyununa çıxmaq çətin olacaq.

- Kubokun favoriti də “Qarabağdı”?

- Elə deməzdim. Şanslar 50-nin 50-yədi. Hər iki komandanın hazırlaşması üçün vaxtı olacaq. Oyun da neytral meydanda keçiriləcək.

- Qəbələdə oynamaq çətin olmayacaq?

- Hər iki komanda üçün fərqli məkandı. Ona görə ciddi fərq etməyəcək.

- Bu çempionluğu xüsusi həsr etmək istədiyiniz insanlar varmı?

- Xüsusilə də Avropa Liqasının oyunları zamanı fiziki qüsurlu insanlar da bizi dəstəkləmək üçün stadiona gəlirdi. Bu çempionluğu onlara həsr etmək istəyirik. Onlar çempionat oyunlarına da gəlirlər. Belə insanları unutmaq olmaz.

0