Kamran Ağayevin Superliqaya yolu açıldı - FOTO
25.05.2015 - 11:17
Kamran Ağayevin Superliqaya yolu açıldı - FOTO

Millimizin qapıçısı Kamran Ağayevin Türkiyə Superliqasında oynamaq şansı get-gedə artır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, onun formasını geyindiyi “Kayserispor” klubu digər qapıçısı Hakan Arıkanla yollarını ayırıb.

 

Bu mövsümün ikinci dövrəsini icarə əsasında “Trabzonspor”da keçirən Arıkan Qaradəniz klubu tərəfindən birdəfəlik transfer edilib. “Bordo-mavililər” onunla yanaşı, müdafiəçi Alper Uludağ və yarımmüdafiəçi Okay Yokuşlunu da heyətə cəlb ediblər. Bu 3 oyunçunun keçidi “Kayserispor”a 4 milyon avro qazandırıb.

 

Gələn mövsüm Superliqada iştirak edəcək “Kayserispor”da həmyerlimiz Kamran Ağayevin yerinə çərçivədə Hakan Arıkanın dayanacağı gözlənilirdi. Onun gedişi ilə millimizin qolkiperinin Kayseri klubunda qalmaq şansı artıb.

 

Baş məşqçi axtarışlarını da davam etdirən “Kayserispor” sabiq çalışdırıcısı Ərtoğrul Sağlamla anlaşa bilməyib. Buna səbəb Sağlamın illik 1,5 milyon avro maaş tələb etməsidi. Hazırda isə bu posta 3 namizəd var. Bunlar Mehmet Özdilək, Hikmət Karaman və Məsut Bakkaldı.

0