[b]“...istəsəm, “Qarabağ”da oynaya bilərəm” [/b]– Coşqun Diniyev
25.05.2015 - 15:10
[b]“...istəsəm, “Qarabağ”da oynaya bilərəm” [/b]– Coşqun Diniyev

“Qarabağ”ın yeni transferi Coşqun Diniyevin apasport.az saytına müsahibəsi

 

- “Neftçi” və “Qəbələ” də sizinlə yaxından maraqlanırdı. Seçiminizi niyə məhz “Qarabağ”ın xeyrinə etdiniz?

- Hər 3 klubun rəhbərliyinə təşəkkür edirəm ki, məni öz komandalarında görmək istədilər. Seçimi özüm elədim. Atam da seçim imkanını özümə buraxdı. Fikirlərimə yaxın olan, oyun üslubu baxımından mənə doğma gələn komanda “Qarabağ” olduğundan, bu seçimi etdim. “Qarabağ” oturaq oyun göstərmir, futbol oynayır. Orda daha çox mübarizə futbolu yox, ağıllı futbol nümayiş etdirilir. Fikirləşirəm ki, mənim oyun üslubum da daha çox “Qarabağ”a uyğun gəlir. Həm də hər bir futbolçunun arzusudu ki, Çempionlar Liqasında oynasın. Seçimimdə “Qarabağ”ın Azərbaycan çempionu olması və Çempionlar Liqasına vəsiqə qazanması da rol oynadı.

 

- Atanız Şahin Diniyevin tövsiyəsi nə idi? O, hansı kluba keçməyinizi istəyirdi?

- Sağ olsun ki, atam fikrimə qarışmadı. O, həmişə mənim seçimimə hörmətlə yanaşıb. Bu dəfə də komanda seçimində məni dəstəklədi. Həm futbolda, həm də ondan kənarda atam həmişə mənim seçimlərimi qəbul edib.

 

- “Qarabağ”da sizin mövqeyinizdə güclü rəqabət var. Bu rəqabətdən qalib ayrılacağınıza inanırsızmı?

- Əlbəttə, asan rəqabət olmayacaq. Çünki Azərbaycan çempionuna gedirəm. Bilirəm ki, daha güclü komandaya keçmişəm. “Qarabağ”ın heyətində həddindən artıq yaxşı futbolçular var. Əgər baş məşqçi məni öz komandasında görmək istəyibsə, deməli, çalışsam, istəsəm, “Qarabağ”da oynaya bilərəm. Baş məşqçinin mənə göstərdiyi etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm. İndiki futbolla kifayətlənmək olmaz. “Qarabağ”a, Azərbaycan çempionuna keçmişəmsə, öz üzərimdə daha çox işləməliyəm ki, həm “Qarabağ”a kömək edim, həm də əsas heyətdə möhkəmlənim.

 

- “Qarabağ”ın sizi sırf 21 yaşla bağlı limit məsələsinə görə transfer etdiyini düşünənlər az deyil. Bu barədə nə deyə bilərsiz?

- Mən heç vaxt limitə görə oynamaq istəməmişəm. İstəmişəm ki, oynadığım futbola görə komandada yer alım. Vaxt var, qarşıda təlim-məşq toplanışı, yoxlama oyunları olacaq. İnşallah, zaman keçdikcə əsas heyətdə möhkəmlənməyə çalışacam. Yəni, sırf limit söhbətinə görə oynamaq yox, komandanın əsas oyunçularından birinə çevrilmək istəyirəm. 

 

- Qurban Qurbanovla bağlı fikirləriniz necədi?

- Qurban müəllimlə şəxsi danışığımız hələ olmayıb. Ancaq kənardan izlədiyim, eşitdiyim şeylərə görə fikir yürüdə bilərəm. Təcrübəli baş məşqçidi. Hər zaman arzulamışam ki, Qurban müəllim kimi bir baş məşqçi ilə çalışım. Şükür Allaha, bu günə qismət oldu. Çalışarıq ki, bir yerdə böyük uğurlara imza ataq.

 

- “İnter”in əksər futbolçuları başqa komandalarla artıq anlaşıblar. Klubun aqibəti necə olacaq?

- “İnter”in bu vəziyyətə düşməsi digər futbolçularla müqayisədə mənim üçün daha acınacaqlıdı. Çünki 14 ildi “İnter”də forma geyinirəm, bu klubun çörəyini yeyirəm. Təbii ki, bu duruma düşməsi mənə çox pis təsir etdi. İnanıram ki, “İnter” kimi hər il Azərbaycanda çempionluğa oynayan komanda heç vaxt dağılmayacaq və əvvəlki mübarizə əzmini qoruyub saxlayacaq.

 

- “İnter”in digər futbolçular kimi, sizə də borcu var. Həmin puldan imtina etməyi düşünürsüz, yoxsa pulunuzu verəcəklər?

- Ödəməklərini gözləyirik. Ödəməsələr də, “İnter”i heç vaxt harasa şikayət etmərəm. Əgər 14 il bu klubun çörəyini yemişəmsə, şikayətdən söhbət gedə bilməz. “İnter”in bu vəziyyətində əlimizdən gələn bir şey də yoxdu. Ancaq gözləmək qalır.

 

- “Qarabağ”a keçidinizə Kaxaber Sxadadzenin reaksiyası necə oldu? Qərarınızı dəstəklədi, yoxsa qarşı çıxdı?

- “Qarabağ”dan təklif gələndə birinci baş məşqçi ilə məsləhətləşdim. Sxadadze sağ olsun ki, mənim “Qarabağ”a keçidimdə əsas pay sahiblərindən biri oldu. Öz xeyir-duasını verdi, qərarımı dəstəklədiyini bildirdi.

 

Tengiz MƏMMƏDOV

0