“Sumqayıt” Hüseynovla razılığa gəldi
25.05.2015 - 16:04
“Sumqayıt” Hüseynovla razılığa gəldi

Cari mövsüm Premyer Liqadakı yerini qoruyan “Sumqayıt” heyətindəki futbolçulardan çoxu ilə yola davam etməyi planlaşdırır. Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi bir oyunçu ilə yeni müqavilə barəsində artıq razılığa gəlib.

 

Söhbət təcrübəli müdafiəçi Vurğun Hüseynovdan gedir. Baş məşqçi Aqil Məmmədov 2013-cü ildən “Sumqayıt”ın formasını geyinən Hüseynovun çıxışından razı olduğunu bildirib. Bundan sonra klub rəhbərliyi Vurğuna yeni sözləşmə təklif edib. Tərəflər yaxın günlərdə münasibətləri rəsmiləşdirəcəklər.

 

Bu məlumatı saytımıza açıqlamasında Hüseynov da təsdiqləyib: “Bəli, “Sumqayıt”da qalacam. Yəqin ki, bu günlərdə yeni sözləşməyə qol çəkəcəm. Müqaviləmin müddəti 1 illik olacaq”.

 

Qeyd edək ki, karyerası ərzində “Turan” və “Qəbələ” klublarının da formasını geyinmiş müdafiəçi Azərbaycan millisində 14 oyun keçirib. 

0