[b]“Azərbaycanda Syominə marağın olması gözləniləndi” [/b]
25.05.2015 - 16:42
[b]“Azərbaycanda Syominə marağın olması gözləniləndi” [/b]

“Yuri Syominin “Mordoviya”dan gedib-getməməyi və ya hansı kluba keçməsi haqda danışmaq hələ tezdi. O, hələ bu klubun baş məşqçisidi”. Bu sözləri apasport.az saytına açıqlamasında rusiyalı futbol agenti Dmitri Selyuk deyib.

 

Bir sıra tanınmış futbolçularla çalışan rusiyalının müştəriləri arasında “Mordoviya”nın baş məşqçisi Yuri Syomin də var.

 

2013/14 mövsümündə “Qəbələ”də çalışıb, tarixinin ilklərini – medal, kubokun finalı və avrokuboklara vəsiqəni qazandıran mütəxəssisin yenidən ölkəmizə qayıtması barədə xəbərlər yayılıb.

 

Amma Selyukun sözlərinə görə, bu barədə fikirləşmək hələ tezdi: “Dünən ona Mordoviyanın “Şöhrət” ordeni verilib. Hazırda Syomin getmək haqda deyil, son turu fikirləşir. Əlbəttə, Syominə müxtəlif klublardan maraq var. Çünki mütəxəssis çalışdığı hər klubda öz bacarığını nümayiş etdirib. “Qəbələ”, “Mordoviya”, Kiyev “Dinamo”su, “Lokomotiv”dəki fəaliyyəti buna sübutdu. O, hətta kiçik klublarla da nəticə qazana bildiyini göstərib. Amma hələ başqa klub haqda düşünmürük. Syomin “Mordoviya” ilə mövsümü başa vurub, işini yekunlaşdırmalıdı”.

 

Selyuk müştərisinə Azərbaycandan marağın olmasını təbii qarşıladıqlarını, lakin Rusiya Premyer Liqasının sonuna qədər nə isə demək istəmədiyini vurğulayıb: “Syominin işinə Azərbaycanda da qiymət verilir, ona hörmət edirlər. Çünki onun özü işi, xasiyyəti, təcrübəsi və peşəkarlığı ilə bu nüfuzu qazanıb. Azərbaycan futbolu yüksəlişə doğru ilk addımlarını atır. Ölkənizdə Syomin kimi mütəxəssisə marağın olması gözləniləndi. Şübhəsiz ki, bir çox klublar onu komandanın baş məşqçi postunda görmək istəyər. Amma hazırda bizim üçün belə bir mövzu mövcud deyil. Yalnız 2 həftədən sonra bu haqda danışmaq olar”.

 

Bir il əvvəl Syominin “Qəbələ”yə təyinatı ilə Azərbaycan futbol bazarına daxil olan Selyuk klublarımızı gücləndirə biləcək səviyyəli oyunçuların keçidinə də vasitəçi olmağa hazırdı: “Azərbaycanda futbolun durumu irəli gedir. Agenti olduğum futbolçulara klublarınızdan maraq olsa, danışıqlara hazıram. Amma bir məsələ var ki, klublarınız hamısına yaxşı bələd deyiləm. Bu üzdən kimə necə futbolçu təklif etməkdə çətinlik çəkirəm. Lakin maraqlananlar özləri mənimlə təmasa keçə bilərlər. Hər halda, Azərbaycana gətirdiyim Leonardo da Silva və Lorenzo Ebesilio mənim transfer bazarında necə oyunçulara malik olduğumu göstərib”.

 

Qeyd edək ki, Selyuk Ukrayna klubları “Tavriya” və “Metallurq”da (Donetsk) vitse-prezident kimi də fəaliyyət göstərib.

0