[b]Azərbaycanda yay “transfer pəncərəsi”nin vaxtı və detalları açıqlandı[/b]
25.05.2015 - 16:45
[b]Azərbaycanda yay “transfer pəncərəsi”nin vaxtı və detalları açıqlandı[/b]

Azərbaycanda yay “transfer pəncərəsi”nin vaxtı və detalları açıqlanıb. Apasport.az saytının məlumatına görə, mayın 28-də başa çatacaq və avqustda start götürəcək Topaz Premyer Liqasında mövsümlərarası transferlər iyunun 9-dan avqustun 31-dək olan müddətdə qeydiyyatdan keçəcək.

 

Bu tarixdən etibarən İcraiyyə Komitəsinin maaş limiti ilə bağlı qərarı da tətbiq olunacaq. Həmin qərar yeni bağlanan müqavilələrə şamil olunur və 01.01.1993-01.01.1995 təvəllüdlü oyunçulara aiddi.

 

Qərarın icrasına AFFA tərəfindən ciddi şəkildə nəzarət olunacaq. İcraiyyə Komitəsinin qərarına riayət etməyən, formal olaraq müəyyənləşdirilmiş maaş göstərən, lakin faktiki olaraq limitdən artıq maaş verən klublar üzə çıxarılaraq cəzalandırılacaq.

 

Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin bu il martın 6-da keçirilən iclasında gənc yerli  futbolçuların maaş limiti ilə bağlı  qərar qəbul olunub. Buna əsasən, 2015/2016-cı il mövsümündən başlayaraq Topaz Premyer Liqası klublarında çıxış edən 21 və 23 yaşadək yerli futbolçuların maaşına limit tətbiq olunacaq. 21 yaşadək futbolçuların illik maaşı maksimum 30 min AZN-dək, 23 yaşadək futbolçuların illik maaşı maksimum 50 min AZN-dək müəyyənləşdirilib. Azərbaycan milli komandasının heyətində mövsüm ərzində oyunların 50 faizində iştirak edən futbolçuların maaşı klub tərəfindən maksimum 25 faiz artırıla bilər. Maaş limitinə riayət etməyən klublara müxtəlif cəzalar veriləcək ki, bunlar arasında aktivindən xalların silinməsi, maliyyə sanksiyası və futbolçunun diskvalifikasiyası nəzərdə tutulub.

 

Mənbə: affa.az

0