[b]“Simurq”un məşqçiləri və futbolçuları cəzalandırıldı[/b]
26.05.2015 - 12:20
[b]“Simurq”un məşqçiləri və futbolçuları cəzalandırıldı[/b]

“Simurq”un əvəzedici komandası ağır cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, çempionatın XXXV turu çərçivəsində AZAL-la səfər qarşılaşmasındakı intizamsızlıq Zaqatala klubunu son tur öncəsi məşqçisiz qoyub.

 

Belə ki, AFFA İntizam Komitəsi (İK) “Simurq”un həm baş məşqçisi Rövşən Babayevi, həm də onun köməkçisi Asif Ramazanovu cəzalandırıb. Qarşılaşmanın 90+1-ci dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə tribunaya göndərilən Babayev 1 oyunluq cəzalanıb, klub 500 manat cərimə olunub. Oyun bitdikdən sonra geniş kütlə qarşısında hakimlər briqadasını və Hakimlər Komitəsini təhqir edən Ramazanovun isə 10 oyun stadiona girişinə qadağa qoyulub, klub 10 min manat cərimə olunub.

 

“Simurq”un cəzası bununla da bitməyib. Zaqatala klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün komandaya əlavə 500 manat cərimə kəsilib. Həmçinin futbolçular Sərxan Abdullayev və Kamran Həsənzadə də cəzalandırılıb. Kobud oyuna görə birbaşa qırmızı vərəqə alan Abdullayev 2, matçdan sonra hakimlər briqadasını təhqir edən Həsənzadə isə 4 oyunluq diskvalifikasiyaya məruz qalıb. Bu iki cəza ilə yanaşı, kluba 3000 min manat da cərimə verilib.

 

Beləliklə, İK bir oyundakı intizamsızlıqlara görə, “Simurq”u 14 min manat məbləğində cərimələyib.

0