[b]Avropa Liqasında mövsümün son oyunu[/b]
26.05.2015 - 20:00
[b]Avropa Liqasında mövsümün son oyunu[/b]

Sabah Avropa Liqasında mövsümün son oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, 2014/15 mövsümünün final qarşılaşması Polşanın paytaxtı Varşavada baş tutacaq.

 

Həlledici görüşdə Ukraynanın “Dnepr” və İspaniyanın “Sevilya” klubları üz-üzə gələcək. Tarixində ilk dəfə finala yüksələn Dnepropetrovsk təmsilçisi “Dinamo” və “Şaxtyor”un ardından avrokubok sahibi olan 3-cü Ukrayna klubu adını qazanmağa yaxındı. Sevilyanın eyniadlı təmsilçisi isə ötən il qazandığı titulu qorumaq əzmindədi.

 

Unay Emerinin baş məşqçisi olduğu İspaniya klubu qalib gəlsə, bu kuboku başı üzərinə qaldıran ilk komanda kimi tarixə düşəcək. Belə ki, əvvəl UEFA kuboku adlanan yarışda 3 dəfə qalib olan “Sevilya" İtaliya təmsilçiləri “Yuventus” və “İnter”, həmçinin İngiltərə “Liverpul”u ilə şərikli rekordun sahibidi.

 

“Dnepr”lə “Sevilya” indiyədək avrokuboklarda qarşılaşmasa da, iki ölkə təmsilçiləri dəfələrlə üz-üzə gəlib. Bunlardan biri indiki kimi finala təsadüf edib. 1985/86 mövsümündə Kuboklar kubokunun finalında Kiyev “Dinamo”su “Atletiko”ya “dərs keçib” 3:0.

 

“Sevilya” 9, “Dnepr” isə son 4 qarşılaşmada məğlub olmayıb. Ümumiyyətlə isə ispaniyalılar cari mövsümdə yalnız 1, ukraynalılar 4 dəfə yenilib. Bunlardan biri Azərbaycan çempionu “Qarabağ”la görüşə təsadüf edib.

 

Təmsilçimizlə Avropa Liqasının eyni qrupunda yer alan “Dnepr” növbəti mərhələyə 2-ci yerin sahibi kimi yüksəlib. Bunda da “Qarabağ”ın İtaliya “İnter”i ilə qarşılaşmasındakı kobud hakim səhvinin rolu olub. Ağdamlıların qolunun sayılmaması sayəsində mərhələni çempionumuz deyil, ukraynalılar adlayıb.

 

Final öncəsi hər iki komandanın heyətində itkilər var. Dizində problem olan Zozulya “Dnepr”ə kömək edə bilməyəcək. Onun komanda yoldaşları Kravçenko ilə Şaxovun durumu isə hələlik tam aydınlaşmayıb. “Sevilya” isə çiyini əzilən Betu və dizində ağrılar olan Parexanın xidmətindən məhrumdu.

 

Qeyd edək ki, finalda qalib gələn komanda kubokla yanaşı, birdən-birə iki vəsiqənin qazanılmasını da bayram edəcək. Avropa Liqasının qalibi avqustda Gürcüstanın paytaxtı Tiflisdə baş tutacaq Superkubok qarşılaşmasında çıxış edəcək. Bu komanda həm də növbəti mövsüm Çempionlar Liqasının qrupunda qüvvəsini sınamaq imkanı əldə edəcək.

 

Avropa Liqası

Final

27 may

 

23:45. “Dnepr” (Ukrayna) – “Sevilya” (İspaniya)

Baş hakim: Martin Atkinson (İngiltərə)

Varşava (Polşa). Milli stadionu

 

0