“Fənərbaxça” Fernandaonu aldı, növbədə ispan və kosta-rikalıdı
27.05.2015 - 09:51
“Fənərbaxça” Fernandaonu aldı, növbədə ispan və kosta-rikalıdı

“Bursaspor”un heyətində uğurlu mövsüm keçirən Fernandao gələn mövsümdən “Fənərbaxça”nın formasını geyinəcək. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul klubu müqavilə ilə “Atletiko Paranaense” klubuna məxsus olan forvard yeni klubu ilə 3 illik müqavilə imzalayacaq.

 

İcarə əsasında formasını geyindiyi “Bursaspor”da 22 qolla Superliqanın bombardiri olan 28 yaşlı futbolçunun keçidi “sarı-lacivərdlilər”ə 4 milyon dollara başa gəlib. Fernandaonun yeni klubunda illik məvacibi isə 1,7 milyon dollar olacaq.

 

Bununla kifayətlənmək istəməyən “Fənərbaxça” daha iki əcnəbiyə “elçi düşüb”. Bunlar Mönhenqladbax “Borussiya”sının ispan müdafiəçisi Alvaro Dominges və “Arsenal”ın kosta-rikalı hücumçusu Joel Kempbelldi. Hər iki futbolçu üçün klubları ilə danışıqlara artıq start verilib.

0