[b]“İnter” imtina etsə, Avropa Liqasında AZAL oynayacaq” [/b]– vitse-prezident
27.05.2015 - 10:33
[b]“İnter” imtina etsə, Avropa Liqasında AZAL oynayacaq” [/b]– vitse-prezident

AZAL futbol klubunun vitse-prezidenti Vaqif Qasımovun apasport.az saytına müsahibəsi

 

- Başa çatmaqda olan mövsümlə bağlı fikrinizi bilmək maraqlı olardı...

- Çempionat çox zəif keçdi. Əvvəlki illərlə müqayisədə bir o qədər maraqlı alınmadı.

 

- Bəs çempionatın zəif keçməsinin səbəbini nədə görürsünüz?

- Səbəblər çox ola bilər. Meydana çıxan legionerlərin sayının azaldılmasının təsiri də ola bilər, klubların maliyyə vəziyyətinin pisləməsinin də. Özünüz də görürsünüz ki, neçə klubun maliyyə durumu dəyişdi. Əvvəlcə “Araz Naxçıvan” Premyer Liqada mübarizə aparmaqdan imtina etdi. Daha sonra “Bakı”nın durumunun ürəkaçan olmadığı ortaya çıxdı. Son 2-3 ayda “Simurq”la “İnter”in başına gələnləri də gördük. Hər zaman demişəm ki, klub bir sponsordan asılı olmamalıdı. Çünki komanda bir nəfərin ümidinə qalanda, vəziyyət hər zaman dəyişə bilər. Klubların bir neçə sponsoru olmalıdı. Birinin işləri qaydasında getməyəndə, o birisi kömək etməlidi. Belə olmasa, futbolumuzun inkişaf edəcəyini, irəli gedəcəyini demək çətindi. Düzdü, futbolu inkişaf etdirmək üçün çox işlər görülür. Amma əsas məqsəd güclü yığma formalaşdırmaq və avrokuboklarda yaxşı nəticə qazanacaq klublara sahib olmaqdı. Bu olmayandan sonra, hansı inkişafdan danışmaq olar? Uşaq futbolu, gənclərin bu sahəyə cəlb edilməsi baxımından irəliləyiş var. Ancaq əsas komandalara da diqqət göstərmək lazımdı.

 

- Elə AZAL-ın da cəmi bir sponsoru var. Bu baxımdan komandanızın da maddi problemlə üzləşəcəyi istisna deyil...

- Bizim klubun sponsoru “Silkway” şirkətidi. Onlar da imkan daxilində əllərindən gələni edirlər. Yaxşı olardı ki, başqa şirkətlər də kluba köməklik göstərsinlər.

 

- Premyer Liqa klublarının hazırkı durumu göz önündədi. Eləcə də, I diviziondan yüksək liqaya vəsiqə qazanan komandaların necə güclənəcəyi məlum deyil. Baş verənlərin fonunda yeni mövsümlə bağlı bədbinliyə qapılmağa əsas varmı?

- Rəqabət baxımından deyirsinizsə, bir müqayisə aparım. “Sumqayıt”ın öz stadionu inşa edilib, “Bakı”nın əla bazası var. Bilmək istərdim, bəs bu “Kəpəz” harada oynayacaq? Vaxtilə Gəncədə əla stadion olub. Bu neçə illərdə həmin stadionu yenidən tikmək mümkün deyildi? Halbuki, Milli Aviasiya Akademiyası kimi bir qurum özünə əla stadion tikib. Hansı ki, balaca bir qurumdu. Amma Gəncə ölkənin ikinci böyük şəhəridi, Azərbaycan futbolunda kifayət qədər yetirmələri olub. Qərb bölgəsində hər zaman futbol olub, yaxşı futbolçular yetişib. Amma bu gün o bölgənin bir dənə normal komandası yoxdu.

 

- “Kəpəz” Gəncədəki stadion təmir olunanadək ev oyunlarını Bakıda keçirəcək. Bu məqamın azarkeşlərin yenidən komandadan üz döndərməsinə təsiri olacaqmı?

- Bəs uşaq futbolu necə olacaq? Onlar harada oynayacaq? Hər komandanın uşaq futbolu olmalıdı. Bu, böyük problemdi.  

 

- “Qarabağ” və “Qəbələ”dən başqa hələlik maliyyə durumu sabit olan klubumuz qalmayıb. Bu səviyyəli legionerlərin gəlişini mənfi təsir edəcəkmi?

- O biri klublarım durumunu bilmirəm. AZAL haqda onu deyə bilərəm ki, çempionat bitdikdən sonra bütün komanda bir yerə yığışacaq. Çünki Avropa Liqasında oynamaq ehtimalımız var. Əgər “İnter” imtina etsə, birinci namizəd bizik. Mövsümün əvvəlində pis çıxış etmədik. Sadəcə, əsas oyunçularımız zədələndi. Bizə indi yaxşı 2-3 səviyyəli legioner lazımdı. Təbii ki, əcnəbilərlə yanaşı, yerli futbolçularla bağlı da çalışmalarımız davam edir. Hazırda bu işlə məşğul olurlar. Hər şeyin yaxşı olacağına ümid edirəm.

 

- Əgər “İnter” imtina etsə, AZAL Avropa Liqasına yollanmağa hazırdımı?

- Tam hazırdı. Belə bir hal baş versə, əlavə futbolçular götürəcəyik. Əgər ehtiyac olsa, komanda qitəmiqyaslı yarışa hazır yollanacaq.

 

- Bəs yeni mövsümdə AZAL-ın məqsədi nə olacaq?

- Bütün çempionatlarda məqsədimiz avrokuboklarda iştirak etmək hüququ verən yerlərdən birini tutmaqdı. Məqsədimiz budu.

 

- Bəs büdcə necə, artırılacaqmı?

- Fikrimcə, hər şey qaydasında olacaq.

 

0