[b]Yerli oyunçular qərar verdi: “Simurq” Lənkərana getməlidi[/b]
27.05.2015 - 21:51
[b]Yerli oyunçular qərar verdi: “Simurq” Lənkərana getməlidi[/b]

Topaz Premyer Liqasının XXXVI turu çərçivəsində “Xəzər Lənkəran”la səfərdə oynamalı olan “Simurq”un cənub bölgəsinə yollanmamaq ehtimalı var idi. Apasport.az saytının məlumatına görə, bütün maddi çətinliklərə baxmayaraq klub son anda səfərə çıxmağa razılaşıb.

 

Belə ki, bəzi yerli futbolçular klubun imici naminə öz hesablarına belə olsa səfərə çıxmaq qərarına gəliblər. Bu barədə saytımıza açıqlama verən komandanın kapitanı İlkin Qırtımov futbolçularla öz aralarında kiçik toplantı keçirdiklərini və son turun oyununda iştirak etmək qərarı aldıqlarını deyib:

 

“Zaqatalada qalan futbolçularla yığışıb belə qərara gəldik ki, komandanın nüfuzu naminə öz hesabımıza belə olsa səfərə çıxaq. Doğrudu, əsas heyətin çox futbolçusu yoxdu, buna görə əvəzedici heyətin bəzi oyunçuları da komandamıza qoşulacaq. Əsas heyətdən isə Tural Axundov və Rüstəm Məmmədovun oynayacağı dəqiqdi”.

 

Məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəisi Rüstəm Allahverdiyevlə də əlaqə saxladıq. İlkin Qırtımovun dediklərini dolayısı ilə təsdiqləyən mətbuat katibi komandanın rəhbərlik səviyyəsində səfərə yollanacağını bildirdi.

 

“Xəzər Lənkəran”la oyunda komandaya kimin məşqçilik edəcəyi də artıq müəyyənləşib. Məlum olduğu kimi 35-ci turun oyunları bitəndən sonra baş məşqçi və köməkçiləri komandanı tərk ediblər.

 

Lənkəranda isə komandaya əvəzedicilərin baş məşqçisi Rövşən Babayevin rəhbərlik edəcəyi gözlənilir.

0