[b]Bakı-2015:[/b][b] “Oyunlarla bağlı “Yeni Bakı” tikilir…”[/b]
28.05.2015 - 18:18
[b]Bakı-2015:[/b][b] “Oyunlarla bağlı “Yeni Bakı” tikilir…”[/b]

Çimərlik futbolu üzrə Azərbaycan yığmasının baş məşqçisi Jose Miguel Mateusun müsahibəsi.

             

- Birinci Avropa Oyunlarının proqramına daxil edilən çimərlik futbolu üzrə püşkatma mərasimindən sonra yığmamız həm Dubayda, həm də Rusiyanın Soçi şəhərində toplanış keçirdi. Hazırda isə Bakıda toplanışdasınız. Bu müddət ərzində komandada nələr dəyişib?

 

- Biz hazırlığa bir il əvvəl - 2014-cü ildən başlamışıq. Strategiyamız həm ölkə xaricində, həm də Bakıda təlim-məşq toplanışları, eləcə də yoxlama oyunları keçirməkdi. Çalışırdıq yoxlama oyunlarında güclü komandalarla qarşılaşaq. 2014-cü ildə biz bu işə başlayanda komandamız Avropanın B divizionunun sonuncularından biri idi. Hal-hazırda inkişaf mərhələsindəyik. Təbii ki, vaxtdan maksimum yararlanıb, məsul oyunlara ciddi hazırlaşırıq.

 

- Komandada razı və narazı qaldığınız məqamlar hansılardı?

 

- Bizdə futbolçular mövqelər üzrə bölünmür. Ona görə də hansısa mövqe adı çəkə bilmərəm. Amma futbolçularımızın hamısı yaxşı hazırlaşırlar. Bu onlara çox lazımdı. Artıq futbolçular bu yarışın məsuliyyətini dərk edirlər. Həm də bizə daha çox güclü yarışlarda iştirak etmək lazımdı. Azərbaycan yığması ilk dəfə bu cür böyük yarışda iştirak edəcək. Bunu onlar üçün uğur saymaq olar. İndi onları həm də psixoloji cəhətdən yarışa hazırlamaq gərəkdi.

 

- Hər keçən gün oyunlara olan müddəti qısaldır. Bakıdakı toplanış mayın 28-də başa çatacaq. Sonrakı planlar necədir?

 

- Mayın 21-dən 28-dək Bakıda təlim-məşq toplanışında olduq. Hazırlığımızı “Dalğa”da davam etdirdik. Növbəti toplanışımız isə iyunun 14-də başlayacaq. Yenə məşqlərimizi Bakıda həyata keçirəcəyik.

 

- Qrup mərhələsində yığmamızın rəqibləri olacaq komandalar haqda son günlərdə hansı məlumatları əldə etmisiniz?

 

- Avropa Oyunları zamanı 8 komanda 2 qrupda mübarizə aparacaq. Digər yeddi komanda A, yalnız biz B divizionunda çıxış edirik. Bu isə ən güclü komandalara qarşı mübarizə aparacağımız anlamına gəlir. Bu da faktdır ki, Bakıya gələcək komandalar arasında dünyanın 4-5 ən güclüləri arasında yer alan yığmalar da var. Onlardan Rusiya, İspaniya, İsveçrə, Portuqaliya kimi komandaların adlarını qeyd edə bilərik. Bir sözlə, güclü qrupda yer almışıq. Ən yaxşı şəkildə mübarizə aparacağımıza, oyundan-oyuna daha yaxşı çıxış edəcəyimizə söz verirəm. Azarkeşlərə sevinc bəxş etmək üçün əlimizdən gələni edəcəyik.

 

- Qrupumuzda yer alan Portuqaliya Bakıya erkən gələcəyini bildirib və məşq etmək üçün AFFA-dan meydança istəyib. Onların belə erkən gəlməyi komandanın iddiasından xəbər verir?

 

- Portuqaliya Bakıya iyunun 16-da gələcək. İsveçrə isə iyunun 14-də burda olacağını bildirib. Bunlar peşəkar komandalardı. Həmin yığmanın üzvləri ancaq çimərlik futbolu üzrə yarışlarda iştirak edir. Onlar nə futzal, nə də böyük futbol oynayırlar. Kifayət qədər güclü komandalardı, işə peşəkarcasına yanaşırlar.

 

- Amma bizim bir neçə oyunçumuz həm futzalda, ehtiyac yarandıqda böyük futbolda da çıxış edirlər. Bu onlara problem yaradırmı?

 

- Əlbəttə, az da olsa yaradır. Əgər futzal oynayırsansa, istifadə etdiyin top, üzərində oynadığın meydança, eləcə də qapı fərqlidi. Futzalda istifadə edilən top balacadı, qapının ölçüləri kiçikdi, döşəmə isə möhkəm və düz olur. Bəzən onlar geri döndükdən sonra quma öyrəşməkdə çətinlik çəkirlər.

 

- Bəs Avropa Oyunlarının keçiriləcəyi yeni arena ilə tanış olmusunuzmu?

 

- Demək olar ki, dünyanın ən yaxşı çimrəlik futbolu arenasıdı. Dünyanın çox meydançalarında olmuşam. Braziliya, İsveçrə, Fransa, Portuqaliya, İtaliya kimi bu sahədə məşhur olan ölkələrdəki meydançaları görmüşəm.

 

- Yığma orada test xarakterli məşq keçib?

 

- Bəli, uşaqlar ikitərəfli oyun keçirdilər. Bir faktı qeyd edim ki, “Dalğa” ilə müqayisədə buranın qumu çox bərkdir, oynamaq çətindir. İndi elə etməliyik ki, yığmanın üzvləri qum haqda düşünməsinlər, yəni bu amil bizə əngəl yaratmasın. Çünki şərtlər bütün komandalar üçün eyni olacaq.

 

- Ölkəmizdə yaşadığınızdan Birinci Avropa Oyunlarına hazırlıq işlərini də izlədiyinizi bilirik. Görülən işləri necə dəyərləndirirsiniz?

 

- Oyunlarla bağlı “Yeni Bakı” tikilir… Hər şey yüksək səviyyədədi, bu, şəhər üçün çox vacibdi. Çoxlu idman qurğuları inşa edilib. Bu Avropa Oyunlarından sonra üçün də əhəmiyyətlidi. Bütün idman növləri inkişaf etdiriləcək. Bunun üçün yeni tikilən idman qurğularından, infrastrukturdan düzgün istifadə edilməsi vacibdir. Yarışlarla bağlı Azərbaycana çoxlu atletlər, məşqçilər gələcəklər. Onlar şəraitlə tanış olacaqlar. Azərbaycana isə yerli idmançılarını inkişaf etdirmək lazımdı. Sizin idmançılar çox şeyə qadirdilər. Yeganə mane yaradan amil idmançıların düşüncəsi, mentalitetlə bağlıdı. Çünki sizin idmançılar həm fiziki, həm də texniki göstəricilərə görə güclüdürlər. Sadəcə bunu inkişaf etdirib, ən üst səviyyəyə qalxmaq qalır.

 

- Necə düşünürsünüz, Birinci Avropa Oyunlarına Azərbaycan öz möhürnü vura biləcəkmi?

 

- Bu yarış Azərbaycan üçün də böyük təcrübə olacaq. Çünki 2 ildən sonra ölkənizdə İslam oyunları keçiriləcək. Bu cür hazırlıqdan sonra Bakıda çimərlik futbolu üzrə dünya çempionatını, Avropa Liqasını, Superfinalı keçirmək olar.

 

- Portuqaliyada Birinci Avropa Oyunlarına maraq necədi?

 

- İnsanlarımız yaxından maraqlanırlar. Bir həmyerlim yarışları izləmək üçün Portuqaliyadan Azərbaycana velosipedlə yola düşüb. O, Portodan yola düşüb və Bakıya qədər 7 min kilometr məsafə qət edərək aksiyada iştirak edəcək. Bu isə azarkeşlərimizin marağının göstəricisidir. Portiqaliya Olimpiya Komitəsi də bu yarışla yaxından maraqlanır. Ümid edirəm ki, oyunlar zamanı Portuqaliyadan Azərbaycana çoxsaylı turistlər gələcək.

0