Çempionlar Liqasında II təsnifat mərhələsinin ən reytinqli komandası
29.05.2015 - 07:39
Çempionlar Liqasında II təsnifat mərhələsinin ən reytinqli komandası

Rumıniya çempionu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qızıl medalların taleyinə son tur aydınlıq gətirib.

 

Həlledici qarşılaşmalar öncəsi “Styaua” 70, “Tırqu Mureş” 68 xala malik olduğundan 34-cü tur çempionu müəyyənləşdirməli olub. Lider səfərdə “İaşi”, izləyicisi isə evdə aşağı dəstəyə yuvarlanan “Otselul”la qarşılaşdığından hər iki komanda çempionluğa şanslarını saxlayırdı.

 

Amma son turda hər iki komanda xal itirib. “Styaua” qolsuz heç-heçəylə kifayətlənibsə, “Tırqu Mureş” öz meydanında 1:2 hesablı ilə məğlub olub. Bu da “Styaua”ya ardıcıl 3-cü, ümumilikdə 26-cı çempionluğu qazandırıb.

 

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanan “Styaua”bu raundun ən yüksək reytinqli komandasıdı. Bu üzdən də səpələnmişlər səbətində Azərbaycan çempionu “Qarabağ”la birlikdə yer alan Buxarest təmsilçisi ağdamlılar üçün bu mərhələdə potensial rəqib deyil.

0