[b]Viktor Mendi: Bütün bunlar getməyimi şərtləndirən amillərdi[/b]
29.05.2015 - 09:02
[b]Viktor Mendi: Bütün bunlar getməyimi şərtləndirən amillərdi[/b]

“Çox xoşbəxtəm, hisslərim yüksəkdi. Dörd il “Qəbələ”nin formasını geyindim. Komanda yenidən avrokuboklara vəsiqə qazandığı üçün sevinirəm. Şadam ki, karyeramı “Qəbələ”də başa vurdum. Bu günə qədər mənə göstərilən diqqətə görə klub rəhbərliyinə, azarkeşlərimizə təşəkkür edirəm”. Bunu apasport.az saytına “Qəbələ”nin hücumçusu Viktor Mendi deyib.

 

Topaz Premyer Liqasının son turunda “Bakı” üzərində (3:0) qələbə qazanan “Qəbələ” bürünc medallara sahib çıxıb və Avropa Liqasında oynamaq hüququ qazanıb. Amma “qırmızı-qaralar” bu yolda əsas hücumçusunun xidmətindən yararlana bilməyəcək. Çünki seneqallı forvard komandadan ayrılıb. Mendi ayrılmağının xüsusi bir səbəbi olmadığını vurğulayıb: “Həyatdı, nəyin necə olacağını əvvəlcədən müəyyənləşdirmək olmur. Gəldim, oynadım, ən yaxşısını etməyə çalışdım. Artıq ayrılmağın zamanı gəldi və gedirəm”.

 

“Bu ayrılığa ailə məsələlərinin səbəb olduğu doğrudumu” sualına hücumçu belə cavab verib: “Bu, doğrudu. Uzun müddətdi ailəmlə bir yerdə deyiləm. Artıq onlar üçün darıxıram. Uşaqlarımı görə bilmirəm. Hətta bu yaxınlarda üçüncü uşağım olacaq. Bütün bunlar getməyimi şərtləndirən amillərdi”.

0