[b]“Gələndə quzu idilər, indi qoç olublar”[/b]
29.05.2015 - 11:06
[b]“Gələndə quzu idilər, indi qoç olublar”[/b]

“Kardoso mənə çatana yaxın dönüb getdi. Şükür ki, oyun hamı üçün sağ-salamat bitdi”. Bunu apasport.az saytına AZAL-ın qapıçısı Kamal Bayramov deyib.

 

Topaz Premyer Liqasının axırıncı turunda keçirilən “Neftçi” – AZAL (1:1) qarşılaşmasından sonra meydançada qalmaqal yaşanıb. Hakimin final fitindən dərhal sonra “Neftçi”nin müdafiəçisi Karlos Kardoso rəqibin qapıçısı Kamal Bayramovun üstünə hücum çəkib. Yalnız digər futbolçuların araya girməsindən sonra ara sakitləşib.

 

Bayramov baş verən hadisə ilə bağlı bunları deyib: “Oyunun son dəqiqələri gedirdi. Əlavə olunmuş vaxtdan dəqiqə yarım qalmışdı. Mən də fikirləşdim ki, tez başlasam, rəqib əks-hücumdan qol vura bilər, sonra hesabı bərabərləşdirmək üçün vaxtımız qalmaz. Buna görə də düşündüm ki, oyunu bir az gecikdirim, sarı vərəqə alandan sonra da hakimə etirazımı bildirim. Bütün bunlar vaxtı udmaq üçün atılan addım idi. Mən bunu etməyə məcbur idim. Mənim bu hərəkətim də Kardosonu hövsələdən çıxardı. Görüş başa çatandan sonra üstümə hücum çəkmək istədi. Nə onun dediklərini mən başa düşürdüm, nə də mənim dediklərimi o anlayırdı. Yaxşı ki, bir-birimizi başa düşmürdük (gülür)”.

 

30 yaşlı qolkiper əcnəbi futbolçuların ölkəmizdə “at oynatmalarını” öz günahları hesab edir: “Əcnəbi futbolçuların gəlib Azərbaycanda özlərini yuxarıdan aparmaları bizim öz günahımızdı. Klub rəhbərləri, məşqçilər, futbolçular və düşərgələrdəki ab-hava onların əl-qol açmalarına şərait yaradıb. Xüsusən də, yerli futbolçular meydançada özlərini sakit apardıqları üçün əcnəbilər belə hərəkət edirlər. Hamısının burdakı ilk günlərinə də baxın, indikinə də. Gələndə quzu idilər, indi qoç olublar”.

 

Bu mövsüm braziliyalı futbolçular sərt, intizamsız davranışları ilə xüsusi diqqət çəkiblər. Kamal Bayramov isə bunu maraqlı fikirlə əsaslandırıb: “Azərbaycanda samba rəqsinin, Braziliyadakı kimi karnavalın olmaması deyəsən braziliyalılara psixoloji cəhətdən pis təsir edib”.

 

Ruslan SADIQOV

0