"Əlincə" turnirinin qızıl və gümüş medallarını "Bakı" klubu qazandı
29.05.2015 - 12:33
"Əlincə" turnirinin qızıl və gümüş medallarını "Bakı" klubu qazandı

Mayın 24-də "Əlincə" Futbol Klubunun yaradılmasının 5 illiyi ilə əlaqədar turnirə start verilib. Apasport.az saytının məlumatına görə, turnirdə "Əlincə", "İnter-1", "İnter-2", "Bakı-1", "Bakı-2", "Vətən", "Qarabağ" və "Təhsil" klublarının U-12 komandaları iştirak ediblər.

 

Qrup oyunlarından sonra "Vətən", "Əlincə", "Bakı-1" və "Bakı-2" klubları yarımfinala vəsiqə qazanıblar. Belə ki, "Bakı-1" A qrupunda bütün rəqiblərinə qalib gələrək, I yerin sahibi olub ("Bakı-1" - "Vətən" 1:0, "Bakı-1" - "Qarabağ" 6:0, "Bakı-1" - "İnter-2" 3:0). A qrupunda II yeri rəqiblərini geridə qoyan "Vətən" futbolçuları qazanıblar.

 

Mayın 27-də keçirilən yarımfinal qarşılaşmasında "Bakı-1" B qrupunun ikincisi "Əlincə"ni məğlub edib. Dramatik keçən matçın əsas və əlavə vaxtında qapılara qol vurulmadı. Qalib 11 metrlik zərbələr nəticəsində müəyyənləşdi – 3:1.

 

"Bakı-2" klubu isə B qrupunda I yeri tutub ("Bakı-2" - "İnter-1" 0:2, "Bakı-2" - "Təhsil" 2:1, "Bakı-2" - "Əlincə" 2:1). "Bakı-2" yarımfinal qarşılaşmasında böyük əzmkarlıq göstərərək A qrupunun ikincisi "Vətən"i 2:1 hesabı ilə məğlub edib. Beləliklə, "Əlincə" klubunun bazasında təşkil edilmiş turnirin finalında bir məşqçinin - Cəfər Hüseynovun yetirmələri "Bakı-1" və "Bakı-2" qarşılaşdılar.

 

Respublika günü - mayın 28-də keçirilən qarşılaşmada "Bakı-1" turnirin qalibi adını qazandı – 1:0. Turniri ən maraqlı edən isə "Əlincə" FK-nın hər iki "Bakı" klubuna məğlub olması oldu. 

0