Cavid Hüseynov: Bunu görməmək üçün kor olmaq lazımdı - MÜSAHİBƏ
29.05.2015 - 14:48
Cavid Hüseynov: Bunu görməmək üçün kor olmaq lazımdı - MÜSAHİBƏ

“Qəbələ”nin başa çatan mövsümdə ən məhsuldar futbolçusu olan Cavid Hüseynovun apasport.az saytına müsahibəsi

 

- Artıq bürünc medallara qovuşdunuz. Təəssüratlarınızı bilmək istərdik...

- Mövsümə çox pis başlamışdıq. Ancaq qış fasiləsindən sonra toparlanmağı bacardıq. Çalışdıq ki, vəziyyəti düzəldək. Nəticə ortadadı. Evə əli boş yollanmadıq. Azarkeşləri sevindirdik, çox ağır yol qət etdik. Real danışsaq, mövsümün ortalarında heç bürünc medal qazanacağımız da inandırıcı görünmürdü. Hər şeyə rəğmən, sonda istəyimizə nail olduq. Buna görə çox sevinirik.

 

- 12 oyun məğlubiyyətsiz seriya yaxaladınız. Baş məşqçi Roman Qriqorçukun “sehrli çubuq”la gəldiyini düşünmək olarmı?

- Şübhəsiz. Bunu görməmək üçün kor olmaq lazımdı. Nəticəmizi hamı gördü. Bu da yeni baş məşqçinin rəhbərliyi altında qazanıldı.

 

- Ukraynalı mütəxəssis bu qədər uğurlu olmaq üçün hansı işləri gördü, nəyi dəyişdi?

- İndiki məqamda arxaya boylanmaq istəmirəm. Nə baş verdisə, keçmişdə qaldı. Əsas odu ki, biz mövsümü mükafatçılar sırasında başa vurduq, üstəlik ikinci dəfə avrokuboklarda çıxış edəcəyik. Olanların fonunda bu, böyük uğurdu. Bununla kifayətlənmək niyyətində deyilik. Qarşıda Avropa Liqası var. Qələbələr seriyasını həmin yarışda da davam etdirmək istəyirik. Ardınca isə növbəti çempionat start götürəcək. Həmin yarışda ən yüksək yer uğrunda mübarizə aparacağıq.

 

- Dediyiniz məqsədlərə nail olmaq üçün komandanın gücləndirilməsinə ehtiyac varmı?

- Əlbəttə, var. İnanıram ki, komandamız güclənəcək. Yeni futbolçuların gəlişi “Qəbələ”ni gücləndirməklə yanaşı, rəqabəti də artıracaq. Bu isə irəli getməyimiz deməkdi. “Qəbələ”nin bunu reallaşdırmaq üçün həm maddi, həm də texniki imkanları var.

 

- “Qəbələ” ötən il Avropa Liqasında fiaskoya uğradı. Bu dəfə hədəf nə olacaq?

- Minimum 2-3 mərhələ adlamalıyıq. Təbii ki, biz hədəf kimi qrup mərhələsinə vəsiqə qazanmağı müəyyənləşdirəcəyik.

 

0