[b]Bakı-2015: 4 boksçumuz 1/2 finalda[/b] - YENİLƏNİB
22.06.2015 - 20:46
[b]Bakı-2015: 4 boksçumuz 1/2 finalda[/b] - YENİLƏNİB

Bu gün Bakı-2015 Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, 7 çəkidə yarımfinalçılar bilinəcək.

 

Bunun 5-də kişi, 2-də qadın boksçular mübarizə aparırlar. Artıq Azərbaycan boksçuları bugünkü çıxışlarını başa vurublar. Rinqə çıxan 5 idmançımızdan 4-ü mərhələ adlayıb. Onlar bununla ən azı bürünc medalı özlərinə təmin ediblər.

 

Boks, 22 iyun

Kişilər

 

49 kq

Avropa və dünya çempionumuz Salman Əlizadə mübarizəyə 1/4 finaldan qoşulub. Boksçumuz ilk cəhddə irlandiyalı Brendan İrvinlə gücünü yoxlayıb. Əlizadə 1/8 finalda Tinko Banabakovu (Bolqarıstan) məğlub edən rəqiblə gərgin mübarizədən məğlub ayrılıb. 2:1 (29:28; 28:29; 29:28) hesabı ilə qələbə qazanan İrvin yarımfinala yüksəlib.

 

52 kq

1/8 finalda irlandiyalı Keysi Maylsi məğlub edən Elvin Məmişzadə bu dəfə bolqarıstanlı Daniel Asenovla döyüşüb. Gənclər arasında Avropa çempionlarının dueli həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Məmişzadə rəqibini 2:1 (30:27; 30:27; 28:29) hesabı ilə məğlub edib. Boksçumuz yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı özünə təmin edib.

 

Məmişzadə 1/2 finalda Almaniyanı təmsil edən Həmzə Touba ilə döyüşəcək. Görüş iyunun 25-də saat 13:30-da start götürəcək.

 

56 kq

İlk qarşılaşmasında rumıniyalı Nikolae Andreiananı mübarizədən kənarlaşdıran Avropa çempionatının gümüş mükafatçısı Tayfur Əliyev 1/4 finalda Danimarka idmançısı Frederik Yansenlə qüvvəsini sınayıb. Əliyev öncəki mərhələdə Koota Mattini (Finlandiya) məğlub edən rəqibini bu mərhələyə çıxmağa peşman edib. 18 idmançımız inamlı döyüşərək, hər 3 raundu xeyrinə bitirib – 3:0 (29:28; 29:28; 29:28). Bununla da boksçumuz ən azı bürünc medalı təmin edib.

 

Milli komandamızın üzvü yarımfinalda Rusiya təmsilçisi Baxtovar Nazirovla qarşılaşacaq. Rəqib 1/4 finalda italiyalı Rikardo D Andreanı məğlub edib. Əliyev Nazirovla iyunun 24-də saat 19:30-da görüşəcək.

 

81 kq

Bu çəkidə mübarizə aparan Teymur Məmmədov hərbçilər arasında dünya çempionu olan hollandiyalı Peter Mullenberqlə qarşılaşıb. Bura qədər iki idmançını - Joşua Buatsi (Böyük Britaniya) və Yordan Kulinskini (Polşa) üstələyən 2012-ci il London Olimpiya Oyunlarının bürünc mükafatçısı bu sınaqdan da üzüağ çıxıb. Avropa çempionumuz rəqibini 3:0 (29:28; 29:28; 30:27) hesabı ilə məğlub edərək, 1/2 finalda iştirak hüququ qazanıb. Məmmədov yarımfinala vəsiqə sayəsində Əliyev və Məmişzadə kimi bürünc medalı özünə təmin edib.  

 

O, finala gedən yolda rusiyalı Pavel Silyaginlə üz-üzə gələcək. İdmançımızın rəqibi 1/4 finalda İqor Teziyevi (Almaniya) mübarizədən kənarlaşdırıb. Məmmədov – Silyagin qarşılaşması iyunun 24-də saat 20:15-də baş tutacaq.

 

+91 kq

Gürcüstanlı Mixail Baxtidzeyə qalib gələn yığma komandamızın lideri Məhəmmədrəsul Məcidov 1/4 finalda türkiyəli Ali Dəmirəzənlə qarşılaşıb. 2012-ci il London Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu və dünya çempionatının ikiqat qalibi yenə də rinqi üstün bitirib. O, hər 3 raundu xeyrinə başa vurub – 3:0 (30:27; 29:28; 30:27).

 

Yarımfinala yüksəlməklə ən azı bürünc medalı özünə təmin edən Məcidov bu mərhələdə Qasan Qimbatovla qüvvəsini sinayacaq. Bu 1/2 final döyüşü iyunun 25-də saat 14:30-da keçiriləcək

 

Qeyd edək ki, qarşıdakı 2 gündə 1/4 final mərhələsində daha 8 idmançımız qüvvəsini sınayacaq.

0