[b]“Azərbaycan idman sahəsində hegemon dövlətlərdəndi” - İsmayıl İsmayılov[/b]
22.06.2015 - 12:32
[b]“Azərbaycan idman sahəsində hegemon dövlətlərdəndi” - İsmayıl İsmayılov[/b]

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılovun iştirak etdiyi görüşə yarışın X günündə medal qazanan idmançılar qatılıb.

 

MOK rəsmiləri bədii gimnastikanın fərdi lent yarışında gümüş medal qazanan Marina Durunda və batut gimnastikasında kişilərin fərdi yarışında 3-cü olan İlya Qrişunini mükafatlandırıblar.

 

Tədbirdə nitq söyləyən İsmayılov Azərbaycanın artıq idman ölkəsinə çevrildiyini bildirib: “Zəfər günləri” Avropa Oyunlarının startından bəri ənənəvi olaraq hər gün keçirilir. İdmançılarımızın ilk gündən medallar qazanması dövlətimizin bu sahəyə olan qayğısının bəhrəsidi. Bu qayğının da əsası Heydər Əliyevin vaxtında qoyulub. İdmançılarımız ötən il müxtəlif ölkələrdə ümumilikdə 805 medal qazanıblar. Azərbaycan idman sahəsində artıq hegemon dövlətlərdəndi”.

 

Nazir müavini Azərbaycanın Avropa Oyunlarındakı medal sayının artacağını söyləyib: “Avropa Oyunlarında da bu günə qədər artıq 35 medal əldə etmişik ki, bu da əlamətdar hadisədi. Gimnastika üzrə yarışlarda 1 qızıl, 2 gümüş, 4 bürünc medal qazanmağımız I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın qayğısının nəticəsidi. İnanıram ki, digər idman növlərində də medallarımız olacaq. Samboçularımızdan 4-ü artıq finaldadı. Həmçinin 3-ü bürünc medal uğrunda mübarizə aparacaq. Boksçularımızdan da medallar gözləyirik. Bundan başqa, cüdo yarışları da hələ başlamayıb. Cüdoçularımızın da etimadı doğruldacaqlarına əminəm”.

 

İsmayılov sonda deyib ki, Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində təşkil edilən bir turnirdi.

 

Daha sonra xüsusi şərəf lövhəsinə imza atan idmançılarımıza hədiyyələr təqdim olunub.

0