Bakıda Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin iclası keçirilib
22.06.2015 - 16:00
Bakıda Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin iclası keçirilib

Respublika Velotrekində Avropa Velosipedçilər Birliyinin (AVB) Rəhbər Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda Direktorlar Şurasının son iclasının protokolunun təsdiq edilməsi, AVB-nin 2015-ci il üçün Həmrəylik Proqramı, maliyyə və büdcə məsələləri, 2014-cü ilin yekunlarına əsasən AVB auditorlarının tövsiyələri, növbəti Avropa çempionatına hazırlıq, peşəkar velosiped idmanında və velotrek yürüşlərində islahatlar və digər məsələlər müzakirə edilib.

 

Avropa Velosipedçilər Birliyinin prezidenti David Lappertyen iclasın açılışındakı çıxışında qeyd edib ki, Avropanın bütün idman aləmi üçün əlamətdar bir vaxtda Komitənin iclasının Bakıda keçirilməsi böyük əhəmiyyət kəsb edir. Komitə üzvləri Bakıda birinci Avropa Oyunlarının əla səviyyədə təşkil edilməsinin və keçirilməsinin şahidi olublar. Lappertyenin sözlərinə görə, velosiped idmanının üç növü üzrə yarışlar yüksək səviyyədə keçirilir: "Biz Avropa Olimpiya Komitəsinə tövsiyə edəcəyik ki, gələcəkdə trek üzrə yarışlar qitə Oyunlarının proqramına daxil edilsin".

 

Lappartyen Azərbaycan rəhbərliyi və ölkəmizin Velosiped İdmanı Federasiyası tərəfindən idmanın bu növünün inkişafına göstərilən daimi qayğıya görə təşəkkürünü bildirib. O həmçinin qeyd edib ki, Azərbaycanın idman arenaları və velosiped idmanı bazaları Avropada ən yaxşılar sırasındadır.

 

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov qonaqları salamlayaraq qeyd edib ki, Azərbaycanın idman arenaları həqiqətən əla səviyyədədir və bu, istər idmanın inkişafı baxımından, istərsə də ölkəmizin potensialını Avropaya və bütün dünyaya nümayiş etdirmək üçün çox vacibdir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin idmanın, o cümlədən velosiped idmanının inkişafına qayğısı sayəsində mümkün olub.

 

Azərbaycanda idmanın gimnastika, güləş, boks, cüdo, taekvondo və bir sıra başqa növləri üzrə zəngin ənənələr yaranmasını vurğulayan Ələkbərov əmin olduğunu bildirib ki, Bakı-2015 yarışlarında təmsil edilmiş bir sıra başqa idman növləri də Avropa Oyunlarından sonra fəal inkişaf edəcək.

 

Bakı-2015 ilk Avropa Oyunlarının Əməliyyat Komitəsinin idman bölməsinin direktoru Pirs O’Kalaxan isə bildirib ki, Avropa Oyunlarının keçirilməsi haqda söhbətlər son 40 ildə davam edirdi: “2012-ci ildə 12 beynəlxalq idman federasiyasının rəhbərləri ilə razılıq əldə ediləndən sonra Avropa Oyunlarının keçirilməsi qərar alınıb. Avropa Olimpiya Komitəsinin Romada keçirilmiş Baş Assambleyasında isə bu təşkilatın üzvlərinin əksəriyyəti Bakının namizədliyinə səs verib. Biz Azərbaycan hökuməti ilə çox sıx əlaqə saxlayırdıq, çünki vaxt həqiqətən çox az idi. Azərbaycan bu oyunları yüksək səviyyədə keçirməyə nail oldu. Artıq bu gün demək olar ki, Avropa Oyunları bütün dünyada populyarlıq qazanıb. Yarışlar 140-dan çox ölkəyə translyasiya edilir. İdman obyektlərinin demək olar ki, hamısı azarkeşlərlə doludur. İyunun 21-də təkcə bir arenada 22 mindən çox adam var idi”.

 

Pirs O’Kalaxan velosiped idmanı üzrə yarışların hazırlanmasında və keçirilməsində Azərbaycan Velosiped İdmanı Federasiyasının rolunu xüsusi vurğulayıb. "Tour d’Azerbaïdjan-2015" veloyürüşünün uğurla başa çatması Bakının şosse yollarında yürüşün də uğurla keçməsinin rəhni olub. Avropa Oyunları paytaxtının yollarında veloyürüşün yüksək səviyyəsinə dəlalət edən bir fakt da ondan ibarətdir ki, həmin yarışlarda Olimpiya çempionu və Avropanın bir sıra ən yaxşı velosipedçiləri iştirak edirdi. Onun sözlərinə görə, milli nümayəndə heyətlərinin iştirakçıları Avropa Oyunlarının ən yüksək səviyyədə keçdiyini qeyd edirlər.

0