[b]Bakı-2015: Teymur Məmmədov finalda![/b] - YENİLƏNİB
24.06.2015 - 19:36
[b]Bakı-2015: Teymur Məmmədov finalda![/b] - YENİLƏNİB

Bakı-2015 I Avropa Oyunlarında boks yarışları həlledici mərhələyə qədəm qoyub. Apasport.az saytının məlumatına görə, bu gün daha 8 çəki dərəcəsində (5 kişi, 3 qadın) görüşlər keçirilib. 1/4 final mərhələsinin yekunlaşdığı gündə digər 5 çəkidə finalçıların adına aydınlıq gəlib.

 

Bu çəki dərəcələrində Azərbaycan yığmasının 4 boksçusu rinqə çıxıb. Onlardan Xaybula Musalovla (75 kq) Yana Alekseyevna (60 kq) yarımfinala, Teymur Məmmədov (81 kq) finala yüksəlibsə, Tayfur Əliyev (56 kq) uduzaraq, bürünc medalını rəsmiləşdirib. Bu, yığmamızın 40-cı mükafatı olub.  

 

 

Kişilər

56 kq

Yarımfinala qədər irəliləyərək, ən azı bürünc medalı özü üçün təmin edən Tayfur Əliyev final üçün son döyüşünü rusiyalı Bəxtovar Nazirova qarşı keçirib. Bura qədər iki rəqibini mübarizədən kənarlaşdıran həmyerlimizlə 3 döyüşdən qalib ayrılan Nazirovun görüşü gərgin alınıb. Lakin qarşılaşma daha təcrübəli rusiyalının xeyrinə başa çatıb – 2:1 (28:29; 29:28; 29:28).

 

Nəticədə 18 yaşlı boksçumuz Avropa Oyunlarını bürünc medalla başa vurub.

 

75 kq

1/8 finalda fransalı Kristian Assomo-Hallier Mbilliyə qalib gələn Xaybula Musalovun 1/4 finaldakı rəqibi Vitali Bandarenka olub. Boksçumuz özündən 5 yaş böyük olan belaruslunu rəqibini də yarışdan kənarlaşdırmaqda çətinlik çəkməyib. Hər 3 raundda (29:28; 30:27; 29:28) üstün döyüşən Musalov layiqli qələbə sayəsində mərhələ adlayıb.

 

Bununla da yarımfinala yüksəlməklə, ən azı bürünc medalı özü üçün təmin edən boksçularımızın sayı 11-ə çatıb.

 

81 kq

Bu çəkidə Azərbaycanı təmsil edən Teymur Məmmədov yarışda 4-cü görüşünə çıxıb. İndiyə qədər 3 rəqibinə heç bir şans verməyən Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu və dünya ikincisi yarımfinalda rusiyalı Pavel Silyagin önündə də uğurlu seriyasını davam etdirib. O, hər 3 raundu xeyrinə bitirərək (29:28; 29:28; 29:28), finala vəsiqə qazanan ilk boksçumuz olub.

 

Məmmədov çempionluq üçün italiyalı Valentino Manfredonia ilə üz-üzə gələcək. Həlledici döyüş sabah saat 19:00-da olacaq.

 

Qadınlar

60 kq

Əvvəlki mərhələdə finlandiyalı Mira Potkonen üzərində qələbə qazanan təmsilçimiz Yana Alekseyevnanın 1/4 finaldakı rəqibi rusiyalı idmançı olub. Dünya çempionatının finalçısı yarımfinal yolunda Zinayda Dobrinina ilə qarşılaşıb və döyüşdən qalib ayrılıb. Boksçumuz rəqibini 3:0 (40:36; 39:37; 39:37) hesabı ilə məğlub edib.

 

Alekseyevnanı 1/2 finalda rəqibi Olimpiya çempionu, dörd dəfə dünya və beş dəfə Avropa çempionatının qalibi Keti Teylor (İrlandiya) olacaq. Qarşılaşma iyunun 26-da saat 12:45-də olacaq.

 

Qeyd edək ki, iyunun 22-də və 23-də Azərbaycan millisinin 9 boksçusu yarımfinala vəsiqə qazanıb.

0