[b]“Medal qazanacağımı dəqiq bilirdim” [/b]– Avropa Oyunlarının çempionu
24.06.2015 - 09:34
[b]“Medal qazanacağımı dəqiq bilirdim” [/b]– Avropa Oyunlarının çempionu

“Uğuru şərtləndirən vacib məqamlardan biri istedaddı. Görünür, məndə o var”. Apasport.az saytının məlumatına görə, bunu I Avropa Oyunlarının çempionu Andrey Xloptsov deyib.

 

Üzgüçülüyün 50 metr məsafəyə batterflay növündə birinci olan ukraynalı idmançı ölkəsinin mətbuatına danışıb. Avropa Oyunlarındakı uğurunu dəyərləndirən Xloptsov maraqlı fikirlər səsləndirib.  

 

O bildirib ki, yarışı medalla tərk edəcəyinə əvvəlcədən əmin olub: “Qələbəyə aparan ən vacib amil ağır məşqlərdi. Bu, həftələr, aylar yox, daha çox vaxt alır. Məndə əvvəldən inam var idi ki, Avropa Oyunlarının mükafatçısı olacam. Bunu yarışöncəsi hissiyyat da adlandırmaq olar. Deyə bilmərəm ki, konkret qızıl medal qazanacağıma əmin idim. Amma dəqiq bilirdim ki, medal əldə edəcəm. Görünür, arxayınlığın nəticəsində rahat idim”.

 

Xloptsov dünənki günü hansı proqramla keçirdiyini də açıqlayıb: “Yarışdığım günə yaxşı başladım. Yuxudan oyanan kimi, yemək yedim və üzməyə başladım. Sonra yenə yatdım və ayılanda yenə yemək yeyib, üzdüm. “Qızıl”a gedən yolum, bax, bu cür oldu.

 

Ukraynalı üzgüçü Avropa Oyunlarında azarkeşlərin onu dəstəklədiyini də qeyd edib: “Arenada bizə dəstək olan insanlara minnətdaram. “Andrey, Andrey” deyərək, məni qələbəyə daha da ruhlandırdılar. Bu mənə əlavə güc verdi”. 

0