[b]"Azərbaycanda bayramdı"[/b]
25.06.2015 - 09:51
[b]"Azərbaycanda bayramdı"[/b]

“Oyunların 12-ci günündə 7 yarış keçirildi. Yarışlar başa çatan məkanlarda keçid prosesi baş verir”. Apasport.az saytının məlumatına görə, bunu Bakı-2015 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq deyib.

 

Bu gün “Hilton” oteldə ənənəvi mətbuat konfransı keçirən baş direktor əvvəlcə dünənki yarışların yekunları barədə məlumat verib: “Çimərlik futbolu üzrə ilk yarışlar keçirildi. Möhtəşəm oyunlar baş tutdu. Dünən mən də çimərlik futboluna getmişdim. Rəsmilər dedilər ki, hətta dünya çempionatları belə məkanlarda keçirilmir. Bu da onların məmnun olmalarından xəbər verir. 7 məkanda 18 min 700-dən çox tamaşaçımız olub. Orta göstərici 81 faizdi”.

 

Baş direktorun sözlərinə görə, dünəndən bu günə qədər 3300 idmançı və nümayəndə idmançılar kəndində yaşamaqdadı: “Bu da rekord səviyyədən ikiqat azdı. Könüllülərin və məşəl qoruyucuların rolunu qeyd etmək istəyirəm. Bütün rəsmilər onlara minnətdardı. Bu Oyunların uğurlu keçməsində onların rolu böyükdü. Nəqliyyat sistemi 90 faizə qədər idmançıları vaxtlı-vaxtında məkanlara çatdırır. Bu gün medal sayı çox olacaq. Dünən atletika üzrə ilk gün idi. Mən də gedib izlədim. 3 idmançı gözəl nəticə göstərmişdi. Bu da yarışların yüksək səviyyədə keçdiyini göstərir. Bugünkü bütün idman yarışlarına biletlərin hamısı satılıb. Cüdo yarışları bu gün başlayacaq. Düşünürəm ki, Heydər Əliyev Arenasında gözəl görüşlər olacaq. Həmçinin, Azərbaycanla Türkiyə voleybol komandalarının oyununun da gözəl keçəcəyini güman edirəm. Sabah Azərbaycanda bayramdı. Buna görə də, 29 minə yaxın tamaşaçının gəlməsini gözləyirik”.

 

Kleq qeyd edib ki, bağlanış mərasimi üçün yeni oturacaqlar quraşdırılmayacaq: “Bağlanış mərasimi üçün bütün yerlər satılıb. Yəni elə bir yer yoxdu ki, onun üçün bilet satışa çıxarasan. Kənarda qalmamaq üçün Bulvardakı böyük ekrandan bağlanışı izləyə bilərlər”.

 

Baş direktor Media Kəndində və yarışlar keçirilən məkanlarda müxtəlif içkilərin  oğurlanması məsələsinə də münasibət bildirib: “Biz bundan xəbərdarıq. Hazırda bu məsələ araşdırılır. Qida və içkilər jurnalist və idmançılar üçün ayrılıb. Bu haqda geniş məlumat verə bilməyəcəm”.

 

O bildirib ki, Avropanın bütün ölkələrinin bu Oyunlarda təmsil olunması bu yarışların uğurundan xəbər verir: “Şadam ki, Avropa Olimpiya Komitələrinin hər bir üzvü bu yarışda iştirak edib. Bu da idmanın birləşdirici gücünü bir daha nümayiş etdirir. 50 ölkədən 40-ı artıq medal qazanıb”.

0