[b]“Adlarını televizorda eşitmişdim” – Tayfur Əliyev[/b]
25.06.2015 - 13:38
[b]“Adlarını televizorda eşitmişdim” – Tayfur Əliyev[/b]

I Avropa Oyunlarının bürünc mükafatçısı, azərbaycanlı boksçu Tayfur Əliyevin apasport.az saytına müsahibəsi

 

- I Avropa Oyunlarının medalçısı oldunuz. Hansı hissləri keçirirsiz?

- Öncə onu qeyd edim ki, I Avropa Oyunlarında çıxış etdiyim üçün çox qürurluyam. Çünki bu yarış tarixdə ilk dəfə keçirilir. İllər ötəcək, amma bütün tarix boyu Avropa Oyunları yadda qalacaq, fərqli hisslər olacaq. Özümü şanslı sayıram. Çünki Avropada az idmançı mən yaşadığım hissləri keçirdi. Döyüşlərimə gəldikdə, çıxışımdan çox da razı qalmadım.

 

- Yarımfinalda rusiyalı boksçu Bəxtovar Nazirova uduzdunuz. Finala çıxa bilməməyinizə nə mane oldu?

- Təcrübəsizlik. Rəqibim güclü olması mənim üçün problem deyildi. Amma çox təcrübəli idi. Bütün görüşlərimə baxmışdı, mənə qarşı necə döyüşməli olduğunu bilirdi. Yalnız kəllə vurmaqla, dirsək atmaqla məni zədələyə bilərdi. Bunu da bacardı. İkinci dəfə qaşım açıldı. İlk döyüşümdə də rumıniyalı boksçunun dirsəyi dəymişdi, onda da qaşım açılmışdı. Bu dəfə eyni yerdən zədələndim. Bu, yumruqla olan bir şey deyildi. Bilirəm ki, döyüş baxımından rus rəqibimə uduzmadım. Yalnız təcrübə çatışmazlığı oldu. Gələn görüşlərdə ona qarşı daha yaxşı döyüşüb, qələbə qazanacam.

 

- Nazirovla görüşdən öncə məşqçilər sizə hansı tapşırıqları vermişdilər?

- Verilən tapşırıqları yerinə yetirdim. Düzdü, hamısına nail olmadım. Rəqibim məni həm də tuturdu, qoymurdu ki, vuruşum. Mən daha çox döyüşmək istəyirdim. Amma bilmirəm çəkinirdi, ya nədən idi, vuruşmaq istəmirdi. Daha çox zədə yetirmək istəyirdi, aqressiv döyüşürdü. Bu da mənim döyüşümə təsir göstərdi.

 

- İlk dəfə idi böyüklər arasında yarışa qatılırdınız. Bu, sizdə əlavə həyəcan yaradırdımı?

- Əlbəttə, yaradırdı. Mən komanda yoldaşlarımın hamısını 4 ay əvvələ kimi heç görməmişdim. Ancaq adlarını televizorda eşitmişdim. Komandada onlarla bir yerdə olduğumu görəndə, inanın ki, fəxr hissi keçirdim. Pərviz Bağırovu ilk dəfə Meksikada gördüm. Orda təlim-məşq toplanışında idik. Onun özünə də dedim ki, səni həmişə televizorda görürdüm. Məşqdə təkbətək elə-belə işlədik. Albert Səlimov və ya başqaları olsun, onlarla bir yerdə məşq etdiyim üçün fərəh hissi keçirirəm. Çalışdım ki, onlardan geri qalmayım. Düzdü, hamısı təcrübəli, çox güclü idmançılardı. Amma əlimdən gələni etdim və bunu döyüşlərimdə də göstərməyə çalışdım.

 

- Avropa Oyunlarında medal qazandıqdan sonra artıq böyük kütlə sizi tanıdı. Bundan sonrakı hədəfləriniz nədən ibarətdi?

- Mənim üçün Avropa Oyunlarında qazandığım təcrübə daha önəmlidi. İlk dəfə idi ki, böyüklər arasında, özü də belə mötəbər yarışda iştirak edirdim. Həyəcanım çox idi. Bundan sonrakı yarışlarda – dünya çempionatı və Olimpiya Oyunlarında daha yaxşı döyüşəcəm. Burda qazandığım təcrübə mənə kömək edəcək. İstər yarış həyəcanı, istərsə də döyük taktikası baxımından, “artıracam”.

 

- Bir ildən sonra Yay Olimpiya Oyunları keçiriləcək. Braziliyadan medalla qayıda biləcəksizmi?

- Özümdən ən azı, qızıl medal gözləyirəm. Düzdü, ondan da artığı yoxdu (gülür). Həm dünya çempionatı, həm də Olimpiya Oyunlarında birincilik uğrunda döyüşəcəm. Dünya çempionatına 4 ay vaxt qalır. Ona qədər daha çox təcrübə qazana bilərəm.

 

Tengiz MƏMMƏDOV

 

 

0