[b]“Məşqçi mənə dedi ki, dava etmə…”[/b] – rusiyalı idmançı
26.06.2015 - 09:40
[b]“Məşqçi mənə dedi ki, dava etmə…”[/b] – rusiyalı idmançı

“Yarış vaxtı gərgin olsam da, artıq sakitləşmişəm. Hazırkı məqamda xoşbəxtəm və qürur hissi keçirirəm”. Apasport.az saytı xəbər verir ki, bu sözləri I Avropa Oyunlarının qızıl mükafatçısı Bəxtovar Nazirov deyib.

 

56 kq çəki dərəcəsində birinci olan rusiyalı boksçu uğurundan bəhs edib.

 

Yarımfinalda Azərbaycan təmsilçisi Tayfur Əliyevə qalib gələn Nazirov ən çətin görüşünün məhz o döyüş olduğunu bildirib: “Yarımfinal döyüşüm həm emosiya, həm də fiziki baxımdan finalla müqayisədə çətin keçdi. Birinci hissədə inamlı üstünlük əldə etdim. İkinci raundda çıxışım alınmadı. Üçüncü hissədə isə yenidən üstünlük qazandım. Bütün zal hakimin qərarından razı qaldı”.

 

Nazirov idmançımızla döyüşdə emosiyalara qapıldığını gizlətməyib: “Məşqçi gördü ki, yarımfinal döyüşümdə emosiyalara qapılmışam. Dərhal məni sakitləşdirdi və dedi ki, dava etmə, boks göstər. Bundan əlavə, tapşırdı ki, rəqibə yaxın olmayım. Çünki zərbələrim yaxşı alınmırdı”.

 

Rusiyalı boksçu qeyd edib ki, bu uğurunu heç vaxt unutmayacaq: “Adımın mənası xoşbəxt deməkdi. Bəli, mən xoşbəxt insanam. Bu uğura imza atmaq üçün çox çalışdım. Yarımfinaldan əvvəl düşündüm ki, artıq işin böyük qismi görülüb. Ancaq dərhal həmin fikri başımdan atdım. Çünki bir dəqiqə də olsun, rahatlaşa bilməzdim”. 

0