[b]Azad Rəhimov: Bu, gözlənilməz nəticədi[/b]
26.06.2015 - 10:00
[b]Azad Rəhimov: Bu, gözlənilməz nəticədi[/b]

“Çox maraqlı və gərgin günlər keçir. Azərbaycan millisi “Zəfər Günləri” yaşayır. 12 gün ərzində yığmamız 2-ci yerdə qalıb ki, bu da gözlənilməz nəticədi. Sevinirik ki, hələ də medal sıralamasında mövqeyimizi qorumuşuq”. Apasport.az saytının məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib.

 

Bakı-2015 Avropa Oyunları Əməliyyatlar Komitəsinin (BAOƏK) baş icraçı-direktoru bu gün “Hilton” otelində mətbuat konfransı keçirib.

 

O, öncə Azərbaycan yığmasının uğurlu çıxışından danışıb: “Dünən də medallar qazandıq. Hər gün medallarımızın sayı çoxalır. Sözsüz ki, ənənəvi idmanlarla yanaşı, qılıncoynatma azarkeşləri dünən üçün böyük qələbə oldu. Sevil və Sevinc Bünyatova bacıları medallar qazandılar. Həmçinin, triatlon kimi yarışlarda medalların olması sevindiricidi. Bizi sevindirən digər fakt tamaşaçı sayıdı. İdman qurğularında 70-80 faiz yerlər tutulub. Azərbaycan tarixində ilk dəfədi ki, bu yerlərə bilet alınır. Yeni mədəniyyət formalaşır. Bu, gələcəkdə idmanı dəstəkləyən mədəniyyətdi. Bu biletlərdən gələn maliyyələri müxtəlif qurğulara yönəldə bilərik. Oyunların sonuna 2 gün vaxt qalıb”.

 

Rəhimov könüllülərin də böyük iş gördüyünü vurğulayaraq, ən xoş sözlərini çatdırıb: “Onlar bu işi yüksək səviyyədə aparırlar. Bu da yeni formalaşan mədəniyyətdi. Bu uşaqlar ölkəni sevir, yatmadan, 24 saat bizimlə birlikdə olurlar. Bu Oyunların təşkilində məqsədlərdən biri də Azərbaycanı dünyaya tanıtmaqdı. Oyunlar 61 telekanal vasitəsilə dünyanın 145 ölkəsinə yayımlanır. 824 milyon mənzildə bu Oyunlar izlənilir. 124 ölkədə açılış mərasimi yayımlanıb. Almaniyada pulsuz olan dövlət kanalında 100 saatlıq yayım 125 saata çatdırılıb. İtaliyada “Sky Sport” Baku-2015 üçün xüsusi veriliş hazırlayıb. Bu saatların yayımı qış Soçi Oyunları ilə bərabərdi. Artıq 40 ölkənin idmançıları medal qazanıb. 253 dəstdən 194 dəst medal artıq sahibini tapıb. Bizi sevindirən hal odu ki, dünən üzgüçülükdə gənclər arasında dünya rekordu qırılıb. Bəziləri bu Oyunları yüksək səviyyəli saymırdı. Amma bu nəticələr göstərir ki, yarışlar yüksək səviyyədə keçirilir”.

 

 

Gənclər və idman naziri II Avropa Oyunlarının hansı ölkədə keçirilməsinin bir önəminin olmadığını vurğulayıb: “Patrik Hikki II Avropa Oyunları üçün 7 ölkə adı çəkmişdi. Bu şəhərlərin adları tam çəkilməmişdi. Düşünürəm ki, yaxın günlərdə buna aydınlıq gələcək. Qərbdə və ya Şərqdə olmasının önəmi yoxdu. Əsas odu ki, idmanın inkişafına töhfə versin”.

 

Rəhimov dünya mətbuatının Oyunları işıqlandırmasından məmnundu: “Azərbaycanda baş verən bütün hadisələr bütün dünyanın diqqətindədi. Bu, həm pis, həm də yaxşı tərəfləri var. Amma Avropa Oyunları Azərbaycan haqda müsbət fikirlər formalaşdırdı”.

 

Nazir Azərbaycanın Yay Olimpiya Oyunlarına ev sahibliyi etmə perspektivini də dəyərləndirib: “Əvvəllər böyük idman tədbirləri, dünya və Avropa çempionatlarının keçirilməsi Olimpiya Oyunlarına aparan yoldu. 2016 və 2020-ci ildəki Oyunlara iddialı olmuşuq. Avropa Oyunları da ölkəmizin hazırlığını nümayiş etdirmək üçün yaxşı fürsətdi. Həm iştirakçı sayı, həm də yarışların müxtəlif idman növlərində keçirilməsi. Qarşıdakı illərdə bir çox böyük tədbirlərə ev sahibliyi edəcəyik. Bütün bunlar Azərbaycanın müxtəlif sahələrdəki hazırlığını yoxlamaq üçün fürsətdi. Sentyabrın 15-nə qədər vaxtımız var ki, vəziyyəti təhlil edək və imkanlarımızı qiymətləndirək. Gələcəkdə Yay Olimpiya Oyunlarına hazırlığımızı gözdən keçirəcəyik. Amma hazırda bununla bağlı konkret fikir bildirə bilmərəm”.

 

Rəhimov II Avropa Oyunlarına ev sahibliyi etmək istəyən ölkələr məsləhətlər veriləcəyini bildirib: “Biz razılığa gəlmişdik ki, Oyunlarla bağlı bütün sənədlərimiz, hazırlığımızın proqramı başqa şəhərə pulsuz verilsin. Çox maraqlı, yenilikçi yanaşmalarımız olub. Böyük məmnuniyyətlə bu təcrübəmizi, biliyimizi növbəti ev sahibi ilə bölüşəcəyik. Hər bir böyük idman yarışının öz standartları var. Məsələn, Olimpiya Oyunlarında su hovuzu tamaşaçılarının sayı 15 min nəfər olmalıdı. Bizdə 6000 tamaşaçı yeri var. Federasiya və Olimpiya Komitəsi tərəfindən verilən tələblər müxtəlifdi. Növbəti şəhərdə tamaşaçı sayı az və ya çox ola bilər. Bəzi idman növlərində dəyişiklik edilə bilər. Bizdə müvəqqəti qurğular da var. Bu da maraqlı ideyadı və digər şəhərlər istifadə edə bilərlər”.

 

Üzgüçülük yarışlarına əcnəbi idmançıların dəvətinə münasibət bildirən nazir fikirlərini belə izah edib: “Üzgüçülük üçün indiyə qədər hovuz, su yox idi. Bilirsiniz ki, 50 metrlik hovuzdan 25 metrlik hovuz kimi istifadə etmək olmaz. Biz legionerlər dəvət edirik ki, gənclərə örnək, nümunə olsunlar. İlk növbədə maddi-texniki baza, kütləvilik və seleksiyaçılar olmalıdı. Nəhayət, peşəkar məşqlər keçirilməlidi. Əgər bunlar olsa, hər bir idmanda nailiyyətlər ola bilər”.

0