[b]“Özümə bundan artıq nə arzulaya bilərəm?” - MÜSAHİBƏ[/b]
26.06.2015 - 14:28
[b]“Özümə bundan artıq nə arzulaya bilərəm?” - MÜSAHİBƏ[/b]

I Avropa Oyunlarının qızıl mükafatçısı, azərbaycanlı boksçu (81 kq) Teymur Məmmədovun apasport.az saytına müsahibəsi

 

- Boks yığmamızın heyətində əsas medal ümidlərindən biri sayılırdız. Etimadı doğruldaraq, qızıl medal qazandız...

- Bu yarışa çox ciddi hazırlaşmışdım. Məqsədim qızıl medal qazanmaq idi. Allaha min şükür, istəyimə çatdım. Mən bu medala layiq idim.

 

- Hansı döyüşdə daha çox çətinliklə üzləşdiniz?

- Adətən ən çətin birinci döyüş olur. Rəqibin kimliyindən asılı olmayaraq, ilk döyüş həmişə psixoloji cəhətdən ağır keçir. Amma döyüşdən-döyüşə “artırırdım”. Final görüşümdə artıq pik formada idim. Rəqibim də güclü idi. Amma deyim ki, çox da əziyyət çəkmədim.

 

- Finala qədər keçirdiyiniz döyüşlərin sonunda fiziki baxımdan çətinlik çəkdiyiniz hiss olunurdu. Ancaq həlledici qarşılaşmada bu baxımdan problemlə üzləşmədiz. Sanki finala daha hazırlıqlı idiniz...

- Düz qeyd etdiniz. Dediyim kimi, idmançı döyüşdən-döyüşə formaya düşür. Final yarışdakı 5-ci görüşüm idi. Buna görə də, çox rahat keçdi.

 

- Qızıl medalı boynunuzdan ölkə başçısı İlham Əliyev asdı. Maraqlıdı, prezident həmin məqamda sizə nəsə dedimi?

- Məni təbrik elədi. Bundan gözəl nə ola bilər ki? Çox xoşbəxtəm. Özümə bundan artıq nə arzulaya bilərəm? Cənab prezident London Olimpiadasında da məni izləyirdi, azarkeşlik edirdi. Şadam ki, bu yarışda öz sözümü dedim. Bu, prezidentimizə də xoş oldu. Ona belə bir hiss bəxş etdiyim üçün çox sevincliyəm.

 

- London Olimpiadasını bürünc medalla başa vurmuşduz. Qarşıdan isə Rio Olimpiadası gəlir. Bu dəfə medalın əyarı qızıl olacaqmı?

- Avropa Oyunları, Avropa və dünya çempionatları həm də bir məşq prosesidi. Əsas diqqəti Olimpiadaya yönəldəcəm. Londonda 3-cü yeri tutmuşdum. Gələn il isə məqsədim qızıl mükafat qazanmaq olacaq.

 

- Rio Olimpiadasında hazırkı çəkidə çıxış edəcəksiz, yoxsa əvvəlki çəkiniz olan 91 kiloya qayıtmaq istəyirsiz?

- Çəkimi 81 kiloya saldım. Görürəm ki, bu çəkidə işlərim yaxşı gedir. Belə olan halda, çəkimi niyə dəyişməliyəm? Çalışacam ki, 81 kq-da çıxışıma davam edim.

 

- Bu gün daha iki boksçumuz final görüşünə çıxacaq. Onların yarışı hansı nəticə ilə bitirəcəklərini düşünürsüz?

- Rəhbərlik sağ olsun, bizə yaxşı fikir verir, güclü məşqçi gətiriblər. Yığma komandamız çox güclüdü. Ümumi götürsək, dünya ölkələri arasında ya 1, ya da 2-ci yerdəyik. Avropa Oyunlarında boks yığmamızda ilk qızılı mən qazandım. Amma faiz bilirəm ki, bu, axırıncı qızıl medal deyil. Bütün uşaqlarımıza inanıram. Əminəm ki, hamısı yaxşı nəticə göstərəcək.

 

Tengiz MƏMMƏDOV

0