Bakı-2015: [b] Boks yığmamızdan 11 medal: 6 qızıl, 1 gümüş, 4 bürünc [/b] - YENİLƏNİB
27.06.2015 - 18:49
Bakı-2015: [b] Boks yığmamızdan 11 medal: 6 qızıl, 1 gümüş, 4 bürünc [/b] - YENİLƏNİB

Bu gün Bakı-2015 I Avropa Oyunlarında boks yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son yarış günündə daha 5 çəki dərəcəsində final qarşılaşması keçirilib.

 

Bu çəkilərin 4-də Azərbaycan boksçusu həlledici görüşünə çıxıb. Onlardan Albert Səlimovla Pərviz Bağırov inamlı qələbə sayəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 91 kq çəki dərəcəsində qüvvəsini sınayan Abdulqadir Abdullayev rinqə çıxmadan qalib elan edilib. Buna səbəb Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyanın səhhətində problem yaranmasıdı. Finala çıxan 7 boksçumuzdan yalnız Xaybula Musalov rinqdən məğlub ayrılaraq, gümüş medalla kifayətlənib.

 

Beləliklə, boks yığmamız Avropa Oyunlarını 6 qızıl, 1 gümüş və 4 bürünc mükafatla başa vurub.

 

Boks

27 iyun

 

Kişilər

60 kq

Finala qədər bütün rəqiblərini 3:0 hesabı ilə üstələyən Albert Səlimov həlledici görüşdə Sofian Oumina ilə döyüşüb. Rio Olimpiadasına lisenziyanı təmin edən boksçumuz fransalı rəqibinin də sevinməsinə imkan verməyib. Uğurlu seriyasını davam etdirən Səlimov bu dəfə də 3:0 (29:28; 30:27; 29:28) hesablı qələbə sayəsində çempion tituluna yiyələnib.

 

Bununla da, boks komandamız 4-cü, yığmamız isə 19-cu "qızıl"ı rəsmiləşdirib.

 

69 kq

Gənclər arasında qitə çempionu olan Pərviz Bağırov da Avropa Oyunlarının qızıl medalına yiyələnib. "Neftçi" İdman Klubu"nun üzvü olan həmyerlimiz finalda rusiyalı Aleksandr Besputindən üstün olub. Gənc boksçumuz rəqibini 3:0 (29:28; 29:28; 30:27) hesabı ilə məğlub etməklə, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, boksçularımızın qazandığı 6-cı, yığmamızın 21-ci qızıl medalıdı.

 

75 kq

Bu çəkidə ölkəmizi təmsil edən Xaybula Musalovun finalda bəxti gətirməyib. Həlledici mərhələyə yüksələn 7 boksçumuzdan yalnız o məğlubiyyətə üzülüb. Gərgin mübarizə şəraitində keçən döyüş gənclər arasında bir neçə mükafata nail olmuş 22 yaşlı Maykl O Reyllinin (İrlandiya) qələbəsi ilə başa çatıb – 3:0 (29:28; 29:28; 29:28).

 

Bu, boks komandamızın 11-ci, Azərbaycan millisinin 56-cı medalı olub.

 

91 kq

İnamlı qələbələrlə finala qədər irəliləyən Abdulqadir Abdullayev üçün həlledici görüşün prinsipial xarakterli olması gözlənilsə də, o, rinqə çıxmadan qalib elan olunub. Səbəb Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyanın sağlamlığında problem yarandığı üçün döyüşdən imtina etməsidi. Nəticədə Abdullayev boks komandamıza 5-ci, ölkəmizə 20-ci çempionluq sevinci yaradıb.  

 

Qeyd edək ki, boks yığmamızın aktivində 3 qızıl, 3 bürünc medal var. Komandamızın üzvlərindən Elvin Məmişzadə (52 kq), Lorenzo Sotomayor (64 kq) və Teymur Məmmədov (81 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Tayfur Əliyev (56 kq), Məhəmmədrəsul Məcidov (+91 kq), Yana Alekseyevna (60 kq) və Anna Əlimərdanova (54 kq) 3-cü yeri tutub.

 

0