[b]Saymon Kleq: Bağlanış mərasimində hamı xoş təəssüratlar yaşayacaq[/b]
27.06.2015 - 09:51
[b]Saymon Kleq: Bağlanış mərasimində hamı xoş təəssüratlar yaşayacaq[/b]

“Artıq iki günümüz qalıb. 217 qızıl medal sahiblərini tapıb”. Apasport.az saytının məlumatına görə, bunu Bakı-2015 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq deyib.

 

Bu gün “Hilton” oteldə ənənəvi mətbuat konfransı keçirən baş direktor dünənki yarışlar və bilet satışları ilə bağlı məlumat verib: “Dünən 9 məkanda 23 min 370 tamaşaçımız olub. Orta hesabla bu, 78 faizə bərabərdi. Könüllülər olduğu kimi, inanılmaz yüksək performans göstərirlər. 99 faiz idmançılar məkanlarına vaxtında çatırlar. 27 dəst medal bu gün təqdim ediləcək. Azərbaycan dünən bir neçə qızıl medal qazandı ki, bu da tamaşaçıların böyük sevincinə səbəb olub”.

 

Kleq bildirib ki, bu gün BMX velosiped yarışları küləyə görə keçirilməyəcək: “Final sabaha nəzərdə tutulub. Bağlanış mərasimi üçün hazırlıq işləri yüksək səviyyədə davam edir. Sabah 5 idman növündə finallar olacaq. Bağlanış mərasimi iştirak edəcək hər bir şəxsin xoşuna gələcək təntənəli mərasim olacaq. Hamı xoş təəssüratlar yaşayacaq. İyunun 29-da 2000-dən çox insan ölkəni tərk edəcək. Olimpiya Oyunlarından fərqli olaraq, burda bəzi heyətlər eyni vaxtda Azərbaycandan gedəcəklər. Ümid edirəm ki, bu Oyunlar hər bir ölkə rəsmisinin xatirəsində xoş günlər kimi qalacaq”.

 

Baş direktor bildirib ki, ölkə prezidenti İlham Əliyevin və bütün qurumların dəstəyini hiss ediblər: “Hazırda missiya rəhbərlərinin görüşündən gəlirəm. Onlar da hər şeydən razıdılar. Bu insanların dəstəyi Oyunların daha yüksək səviyyədə keçirilməsinə töhfə oldu”.

 

Onun sözlərinə görə, mətbuat konfranslarında bəzi suallar verilməyib, bəziləri isə onu çətin vəziyyətə salıb: “Bu da mənə bəzən sərf etdi. Hətta bəzən suallarınızla məni çətin vəziyyətə saldınız. Amma mətbuatla ünsiyyətdən çox məmnunam”.

 

Kleq bağlanış üçün biletlərin sosial şəbəkədə satışa çıxarılmasından məlumatlı olduqlarını deyib: “Biletlər yenidən satılmamalıdı. Müvafiq qurumlarla bu məsələdə əməkdaşlıq edirik. Qeyri-qanuni satışların qarşısını almağa çalışırıq”.

 

Baş direktor yenidən Azərbaycanla əməkdaşlıq etmək arzusunda olduğunu gizlətməyib: “İyunun 24-nə qədər 5,4 milyon insan internet saytımıza daxil olmuşdu. O ki qaldı gələcək planlarıma, bağlanış mərasimindən sonra dincəlməyə gedəcəm. Buna haqqım var. Sonrasına baxarıq. Azərbaycan mənim həyatımda böyük rol oynayıb. Ailəm, xanımım Bakını ikinci vətən adlandırır. Parlaq gələcəyə malik böyük dövlətdi. Yenidən əməkdaşlıq edib-etməyəcəyimizi gələcək göstərəcək”.

 

Kleq onu da deyib ki, albaniyalıdan başqa heç bir idmançı dopinqə ilişməyib: “Çox çevik, işlək dopinq proqramı mövcuddu. Konkret neçə dopinq testin keçməsi barədə sonra məlumat verə bilərəm. Avropa Olimpiya Komitələri bu Oyunlara cavabdehlik daşıyan qurumdu. Biz sadəcə vasitəçiyik. Yəni bu, bizim məsuliyyətimiz altında deyil. Anti-dopinq testləri VADA-nin təşəbbüsü ilə keçirilib”.

0