[b]“İkisi olsaydı, dalaşdırıb qıraqdan baxardıq, görək hansı döyür...” - Böyükağa Hacıyev[/b]
30.06.2015 - 11:15
[b]“İkisi olsaydı, dalaşdırıb qıraqdan baxardıq, görək hansı döyür...” - Böyükağa Hacıyev[/b]

Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin apasport.az saytına müsahibəsi

 

- “Neftçi” – Emil Mpenza məsələsi gündəmdən düşmək bilmir. FİFA-ya şikayət etdiyindən, ali futbol qurumu “Neftçi”ni 1 milyon dollara yaxın cərimələyib. Yeri gəlmişkən, Mpenza sizin vaxtınızda komandadan göndərilib. Məsələ ilə bağlı münasibətinizi bilmək istərdik...

- Mpenza mənim istədiyim futbolçu deyildi. Niyə? Əvvəla mən hər şeydən qabaq əməksevər futbolçunu sevirəm. Mpenza 1 məşq edirdi, 10 məşqi buraxırdı. O, Azərbaycana karyerasının artıq qürub vaxtı gəlib çıxmışdı və özünün az-çox qalan ad-sanından istifadə etmək istəyirdi. Mənə lazım deyildi, bu səbəbdən də komandada saxlamadım. Mpenza “Neftçi”yə məndən əvvəl gəlmişdi. Ancaq mən gələn kimi, gördüm ki, onun yalnız adı qalıb. Buna görə də, komandada qalmağını istəmədim.

 

- 32 yaşlı Mpenzaya görə 500 min dollar “Sion”a, bir o qədər də hər ilinə görə futbolçuya maaş verilməsi nə dərəcədə düzgün idi?

- Bu, artıq onların problemidi. Mən “Neftçi”də ömrüm boyu pul söhbətinə qarışmamışam. Mpenzanın transferindən də xəbərim olmayıb.  

 

- Amma komandadan gedişi sırf sizin istəyinizlə olub. Halbuki, Mpenzanın “Neftçi”yə klubun o vaxtkı prezidenti Sadıq Sadıqovun israrı ilə gətirildiyi bildirilir. Belçikalı futbolçunu yola salanda, Sadıqovla məsləhətləşdinizmi?

- Mənim Sadıq müəllimlə 2-3 dəfə söhbətim oldu. Sağ olsun, sözümü deyəndə heç vaxt məni qırmırdı. Dedim ki, Mpenza bizə lazım olmayacaq. Onun gedişindən sonra Nikolas Kanalesi komandaya gətirdik. Kanales də Azərbaycan bombardiri oldu, sözünü dedi. Yəni dəyişiklik “Neftçi”nin xeyrinə oldu. Qardaş, Mpenza Azərbaycanda olmurdu axı. Burda çox az görünürdü. 1-2 məşq edirdi, harasındansa zədə alırdı, gedib otururdu evində, müalicə olunurdu. Buna baxmayaraq, pulunu alırdı.

 

- Maraqlıdı ki, məşqlərə nadir hallarda çıxdığını dediyiniz futbolçu “Neftçi”dən FİFA-ya şikayət edib və klubun cərimələnməsinə nail olub...

- Bu, elə bir adlı-sanlı futbolçunun əxlaqının heç də normal olmadığından xəbər verir. Mpenza gərək öz vicdanının səsinə qulaq asa. O, Azərbaycan üçün futbol oynamayıb.

 

 

- Hər halda, zəif futbolçuya ayda təxminən 45 min dollar verməzlər...

- İnandığımız haqqı, Mpenzanın “Neftçi”də nə qədər maaş aldığını indi bilirəm. Mən baş məşqçi olsam da, bu işlərə qətiyyən qarışmamışam. Həmişə danışanda birinci növbədə, təmizlikdən danışıram. Mən bu məsələdə Mpenzanı günahlandırıram. O, futbol oynamırdı, vaxt öldürüb, pul almaq istəyirdi.

 

- Yeri gəlmişkən, “Neftçi” iki gün sonra Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində Çernoqoriyanın “Mladost” klubu ilə qarşılaşacaq. Keçmiş komandanızın şanslarını necə dəyərləndirirsiz?

- Samir Əliyev iş başına gələndən sonra “Neftçi”ni görməmişəm. Buna görə də, konkret fikir səsləndirə bilmirəm.

 

- Əsası gənc, yerli futbolçulardan qurulmuş heyətlə “Neftçi” Avropa arenasında nəsə edə bilərmi?

- Ola bilər. Samir bu cavanlarla çox işləyib.

 

- “Neftçi” sizin vaxtınızda “Mladost”la qarşılaşsaydı...

- Mərhələni asanlıqla keçərdik. Böyükağa Hacıyevdən bir dənədi. İkisi olsaydı, dalaşdırıb qıraqdan baxardıq, görək hansı döyür... (gülür).

 

- Avropa Liqasında iştirak edəcək digər komandalarımız – “Qəbələ” və “İnter”dən nə gözləyirsiz?

- “Qəbələ”yə yeni futbolçular çox gəlib. Onlar Tiflis “Dinamo”su ilə qarşılaşacaqlar. Mən “Neftçi”də gürcü komandaları ilə çox üz-üzə gəlmişəm. “Qəbələ” niyə də Gürcüstandan qələbə ilə qayıtmasın? Klubun nəyi yoxdu? Hər şeyi var. “İnter” isə hazırda “Neftçi”nin günündədi, onun da haqqında söz deməkdə çətinlik çəkirəm.

 

Tengiz MƏMMƏDOV

 

 

 

 

0