[b]“Ajiotaj biz gözlədiyimizdən böyükdü” – Elnur Məmmədov[/b]
01.07.2015 - 11:03
[b]“Ajiotaj biz gözlədiyimizdən böyükdü” – Elnur Məmmədov[/b]

“Komandamız Avstriya toplanışının son yoxlama matçında “Şaxtyor”la qarşılaşdı və çox gözəl oyun göstərdi. Biz həmin görüşdə sərgilənən futboldan razı qaldıq. Əminliklə deyə bilərəm ki, “Neftçi” “Mladost”la qarşılaşmada da baxımlı oyun nümayiş etdirəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun icraçı-direktoru Elnur Məmmədov deyib.

 

Ölkəmizi Avropa Liqasında təmsil edəcək paytaxt təmsilçisi sabah ilk sınağına çıxacaq. Samir Əliyevin yetirmələri Monteneqronun “Mladost” klubunu qəbul edəcəklər.

 

Bu görüşlə bağlı fikirlərini bölüşən Məmmədov “Neftçi”yə inandığını qeyd edib.

 

O bildirib ki, heyətin əsasının gənclərin təşkil etməsi komandaya problem yaratmayacaq: “Hesab edirəm ki, gənc futbolçularımız can yandıracaqlar. Onlar “Şaxtyor”la oyunda da göstərdilər ki, məşqçilər korpusunun tələb etdiyi taktika ilə oynayırlar. Komandanın potensialı var. Gənclər həvəslidilər, əzmkarlıq nümayiş etdirirlər. Biz də onlardan yaxşı oyun gözləyirik”.

 

Məmmədov “Mladost”la görüşdə azarkeşlərin tribunaları dolduracağına inanır. Onun sözlərinə görə, sabahkı oyun ətrafında gözləniləndən çox ajiotaj var: “Mladost”la oyun ətrafında ajiotaj biz gözlədiyimizdən də böyükdü. Bu onunla bağlıdı ki, meydanda olacaq futbolçuların, demək olar, hamısı azərbaycanlı gənclərdi. Bu amil hər zaman azarkeşlərin marağına səbəb olur və onları öz komandalarına daha çox dəstək olmağa həvəsləndirir. İnanıram ki, “Neftçi”sevərlər tribunaları dolduracaqlar və sona qədər komandaya dəstək olacaqlar”.

 

Tengiz MƏMMƏDOV

0