[b]Yubiley mövsümü[/b]
01.07.2015 - 12:10
[b]Yubiley mövsümü[/b]

Sabah Azərbaycan klubları üçün yeni mövsümə start veriləcək. Apasport.az saytının məlumatına görə, 2015/16 mövsümünü Avropa Liqasında çıxış edən təmsilçilərimiz açacaq.

 

Bu, təmsilçilərimizin avrokuboklarda yubiley – 20-ci mövsümü olacaq. 1994-cü ildə ilk dəfə qitə arenasına çıxan komandalarımız 2002/03 və 2003/04 mövsümlərində qitə kuboklarından kənar qaldığı üçün yubiley 2 il gec baş tutacaq. 2015/16 mövsümünün startında I təsnifat mərhələsində mübarizə aparan “İnter”, “Qəbələ” və “Neftçi” ilk sınağına çıxacaq. Səfərdə oynayan “İnter” digər iki klubumuzdan əvvəl gücünü sınayacaq.

 

Ötən mövsümün gümüş mükafatçısı Albaniyada “Laçi”nin qonağı olacaq. Heyətində böyük dəyişikliklər olan paytaxt klubu o qədər də güclü olmayan rəqiblə dueldə çətinlik yaşamamaq üçün səfərdən qənaətbəxş nəticə ilə dönməlidi. Avrokuboklarda 5 il əvvəl debüt edən “Laçi” qitə miqyaslı turnirlərdə qələbəyə həsrətdi. 8 oyunda qalib gəlməyən albaniyalılar yalnız 1 dəfə, penaltilər seriyası ilə mərhələ adlayıb.  

 

“İnter” kimi “Qəbələ” də mövsümə səfərdə başlayacaq. Əyalət klubu qonşu Gürcüstanın ən adlı-sanlı təmsilçisi sayılan Tiflis “Dinamo”su ilə görüşəcək. Ötən mövsümün bürünc mükafatçısı olan “qırmızı-qaralar” 1 il əvvəl debüt etdiyi Avropa Liqasında ilklərə imza atmaq niyyətindədi.

 

Belə ki, ötən il “Şiroki Briyeq”lə hər iki görüşdə (0:3, 0:2) uduzan qəbələlilər ilk qol, ilk xal və ilk qələbə arzusuyla səfərə çıxıb. Vaxtilə “Kuboklar kuboku”nu da qazanan Gürcüstan təmsilçisi daha çox yerli gənclərə güvəndiyindən “Qəbələ”nin dişinə görə olan rəqibdi. Yayda heyətini xeyli gücləndirən əyalət təmsilçisi mərhələ adlamaq üçün səfərdə uğurlu nəticə əldə etməyə çalışacaq.

 

Azərbaycan klublarından yalnız “Neftçi” doğma azarkeşlər önündə oynayacaq. Bakılılar Monteneqro “Mladost”u ilə görüşə ciddi problemlərlə çıxacaq. Heyətinin böyük hissəsini itirən “ağ-qaralar” cəzalı Erik Ramos və Kaue da Silvanin da xidmətindən məhrumdu. Çətin səfər öncəsi nəticə qazanmağa borclu olan “Neftçi”nin sabahkı oyunu baş məşqçi Samir Əliyev üçün debüt xarakteri daşıyacaq. Tarixində 2-ci dəfə avrokuboklara qatılan “Mladost”un 2 il əvvəlki debütdə iki mərhələ adlaması “ağ-qaralar” üçün asan olmayacağını göstərir.

 

Qeyd edək ki, klublarımızın Avropa Liqasındakı cavab oyunları iyulun 9-da keçiriləcək.
 

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

2 iyul

 

20:30. “Laçi” (Albaniya) - “İnter” (Azərbaycan)

Hakimlər: Karlos Del Serro, Xuan Yuste, Abraham Aıvares Santon, İnaki Visente Qarrido (hamısı İspaniya)        

Hakim-inspektor: Uno Tutk (Estoniya)

UEFA nümayəndəsi: Mixail Anaqnostou (Yunanıstan)

Laçi. “Laçi” stadionu

 

21:00. “Dinamo” (Tiflis, Gürcüstan) – “Qəbələ” (Azərbaycan)

Hakimlər: Roi Reynşreyber, David Elias Biton, İdan Yarkoni, Zvi Levi (hamısı İsrail)

UEFA nümayəndəsi: George Fantaros (Yunanıstan)

Hakim-inspektor: Siril Zimmermann (İsveçrə)

Tiflis. Boris Payçadze adına “Dinamo Arena”

 

21:00. Neftçi” (Azərbaycan) – “Mladost” (Monteneqro)

Hakimlər: Ali Palabıyık, Cem Satman, Ceyhun Sesigüzel, Dördüncü hakim: Hakan Ceylan (hamısı Türkiyə)

Hakim-inspektor: Levan Paniashvili (Gürcüstan)

UEFA nümayəndəsi: Gennadi Skurtul (Moldova)

Bakı. “Baksell Arena”

 

 

0