[b]Əsgər Abdullayev: 2 klub daha inamlı görünür -[/b] MÜSAHİBƏ
01.07.2015 - 14:25
[b]Əsgər Abdullayev: 2 klub daha inamlı görünür -[/b] MÜSAHİBƏ

Azərbaycan yığmasının sabiq baş məşqçisi Əsgər Abdullayevin apasport.az saytına müsahibəsi

 

- “Qarabağ”dan fərqli, digər klublarımız Avrokubok mövsümünü sabah açıq elan edəcəklər. “Qəbələ” səfərdə Tiflis “Dinamo”su ilə qarşılaşacaq. Gürcüstan futboluna yaxından bələd olan bir şəxs kimi, “Qəbələ”nin mərhələ adlamaq şansını necə dəyərləndirirsiz?

- Çox düzgün qeyd etdiniz ki, Gürcüstan futboluna yaxından bələdəm. “Dinamo”nun köklü tarixi var. “Qəbələ” də keçən mövsümün ikinci hissəsində özünü yaxşı tərəfdən göstərdi. İstəyimiz o olar ki, növbəti mərhələyə bizim komandamız keçsin. Amma “Qəbələ”nin orda işinin asan olacağına inanmıram. Düzdü, komanda yaxşı futbolçularla təmin olunub, əsas heyətini, demək olar ki, qoruyub saxlayıb. Yəni “Qəbələ” o imkana malikdi ki, növbəti mərhələyə keçə bilsin. Şərait də yaxşıdı. Amma “Dinamo”ya da dırnaqarası baxmaq olmaz. Gürcüstan futbolunda texnikaya, topla rəftara daha çox üstünlük verilir. Düşünürəm ki, maraqlı oyun olacaq.

 

- Gürcü azarkeşlər çılğınlıqları ilə seçilirlər. Bu məqam Tiflisdəki oyunda “Qəbələ”nin işini çətinləşdirməyəcək?

- Avrokubok oyunları 2 görüşdən ibarətdi. Səfərdəki görüşdə “Qəbələ” onu qane edən hesaba nail olmalıdı. Belə görüşlərdə səfərdə vurulan qol böyük rol oynayır. Amma cütün taleyi ikinci oyunda həll olunacaq. İstənilən halda, Tiflisdəki matçda elə nəticəyə imza atmaq lazımdı ki, cavab görüşündə komanda böyük maneələrlə qarşılaşmasın.

 

- “Neftçi”nin rəqibi isə Monteneqro təmsilçisi “Mladost”du. Yeri gəlmişkən, millidəki işinizdən, sizi Serbiya və Monteneqroda da tanıyanlar az deyil. Necə düşünürsüz, “Neftçi” bu səddi keçə biləcəkmi?

- Mən bu dəqiqə “Neftçi”də vəziyyətin necə olduğunu bilmirəm.   Hamımız futbolçu olaraq, bu klubun yetirmələriyik.

 

- “Neftçi”nin hazırkı heyətinin əsasını gənc, yerli futbolçular təşkil edir...

- “Neftçi”yə çox çətin olacaq. Amma bu, gənclər üçün bir şansdı. Yaxşı oynayıb, özlərini göstərməyə çalışmalı və sübut etməlidilər ki, “Neftçi”də oynamağa layiqdilər. Məncə, hazırkı məqamda bizdə 2 klub daha inamlı görünür: “Qəbələ” və “Qarabağ”. Əlbəttə, heyətdə birdən-birə o qədər dəyişiklik etmək, komandada xətlərarası əlaqə yaratmaq, yeni futbolçuların uyğunlaşması əlavə çətinlik yaradır.

 

- Əvvəlki imicini itirən “İnter”ə keçək. Kasıblaşan “bankirlər”dən nə gözləyirsiz?

- “İnter” Albaniya klubu “Laçi” ilə qarşılaşacaq. Məncə, onlar da “Neftçi” ilə eyni vəziyyətdədi. Çünki “İnter” də heyət baxımından böyük itkilərə məruz qaldı, çox futbolçu getdi.

 

- Sizin kimi, hamı Avrokubokda çıxış edəcək komandalarımızdan ən yaxşı çıxışı “Qarabağ”dan gözləyir. Amma unutmayaq ki, onlardan da Muarem, Corc, Vüqar Nadirov kimi futbolçular getdi...

- Düzdü, getdilər. Amma onların yerinə gələn oyunçulara baxmaq lazımdı. İkincisi də, “Qarabağ”dan 3-4 nəfər getsə də, komanda öz oyun stilini, heyətinin əsasını qoruyub saxlayıb. İstərdim ki, “Qarabağ” keçən ilki nəticəsindən də yaxşı nəticə göstərsin.

 

Tengiz MƏMMƏDOV

0