[b]Adrian Skarlatake: Artıq biz çox güclü komandayıq – MÜSAHİBƏ[/b]
01.07.2015 - 17:45
[b]Adrian Skarlatake: Artıq biz çox güclü komandayıq – MÜSAHİBƏ[/b]

“Xəzər Lənkəran” klubunun rumıniyalı müdafiəçisi Adrian Skarlatakenin apasport.az saytına müsahibəsi

 

- Bir neçə gündü Türkiyədə təlim-məşq toplanışındasız. Hazırlıq necə gedir?

- Məşqlər çox yaxşı keçir. Növbəti mövsümə şən əhval-ruhiyyədə hazırlaşırıq. Hazırlığımız yüksək səviyyədə olmalıdı. Qarşımıza məqsəd qoymuşuq ki, növbəti mövsümü əla keçirək.

 

- Komandanız son mövsümü boşa verdi. Yeni mövsümdə “Xəzər Lənkəran”ın hədəfi nə olacaq?

- Növbəti mövsümü ən pis halda, ilk “üçlük”də bitirməliyik. Amma məqsədimiz çempion olmaq və kuboku götürməkdi.

 

- “Xəzər Lənkəran” yay fasiləsində heyətinə Ruslan Abışov, Vüqar Nadirov və Vaqif Cavadov kimi təcrübəli, yerli futbolçular qatdı. Yeni transferlər barədə fikriniz necədi?

- Məncə, onlar “Xəzər Lənkəran”a əlavə güc qata biləcəklər. Artıq biz çox güclü komandayıq. Heyətimizdə güclü, azərbaycanlı futbolçular toplaşıb. Yəqin ki, 3-4 əcnəbi transferi də olacaq. Yeni legionerlər də komandaya qoşulandan sonra rahatlıqla çempionluq uğrunda mübarizə aparacağıq.

 

- Yeni baş məşqçi Yunis Hüseynovla əvvəl də birgə çalışmısız. Onun rəhbərliyi altında “Xəzər Lənkəran” ümidləri doğruldacaqmı?

- Yunis Hüseynov güclü məşqçidi. O vaxt məni “Dinamo”dan (Buxarest) “Xəzər Lənkəran”a gətirən məhz Hüseynov olmuşdu. Həm ona, həm də komandaya inanıram. Görəcəksiz, “Xəzər Lənkəran” yeni mövsümdə çox güclü komanda olacaq.

 

- Yəqin dərk edirsiz ki, lənkəranlı azarkeşlər növbəti mövsümdə öz komandalarından konkret olaraq, çempionluq gözləyirlər. Yəni başqa nəticə qəbul olunmayacaq...

- Biz bunu dərk edirik. Yeni mövsümdə çempion olmaq şansımız var. İstəyirik ki, azarkeşlərimizi sevindirək. Onları əmin edirəm ki, bu mövsüm hər şey ürəklərincə olacaq. Yeni mövsümdəki “Xəzər Lənkəran” əvvəlki illərdəkindən fərqlənəcək. Çempionluq uğrunda sona qədər mübarizə aparacağıq.

 

- Çempionluq mübarizəsində hansı komandalar “Xəzər Lənkəran”ın əsas rəqibləri olacaq?

- Bunu mövsüm başlayandan sonra biləcəyik. Məlum məsələdi ki, “Qarabağ” və “Qəbələ” kimi komandalar yenə iddialarını davam etdirəcəklər. Lakin digər rəqiblərimizi də hesabdan silmək olmaz.

 

- Avrokubokda çıxış edəcək klublarımızdan hansı nəticəni gözləyirsiz?

- İlk növbədə, Azərbaycanı Avropada təmsil edəcək komandalara uğurlar arzulayıram. Ümid edirəm ki, 4 komandanın hamısı növbəti mərhələyə adlaya biləcək. Əsas diqqətlər “Qarabağ”a yönələcək, çünki onlar Çempionlar Liqasında mübarizə aparacaqlar. İnanıram ki, “Qarabağ” ötən mövsüm olduğu kimi, yenə Azərbaycanı layiqincə təmsil edəcək.

 

Tengiz MƏMMƏDOV

 

0