[b]“Bizi 5:0 hesablı qələbə qane edəcək”[/b] – [b]Roman Qriqorçuk[/b]
01.07.2015 - 19:43
[b]“Bizi 5:0 hesablı qələbə qane edəcək”[/b] – [b]Roman Qriqorçuk[/b]

“Qəbələ” UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində sabah Tbilisi “Dinamo”sunun qonağı olacaq. Bu gün oyunöncəsi keçirilən mətbuat konfransında “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb.

 

- Rəqibin baş məşqçisi deyib ki, məğlubiyyəti təsəvvür etmirəm. Hər iki oyunda qələbə gözləyirəm. Sizin fikriniz nədi?

- Onun sözlərini şərh etmək istəmirəm. Olduqca ciddi rəqiblə qarşılaşacağıq. Biz mərhələ adlamaq fikrindəyik. Bunun üçün də yaxşı hazırlıq keçmişik.

 

- İndiki “Dinamo”nu nə dərəcədə öyrənə bilmisiniz?

- Bilirəm ki, ötən çempionatdan sonra həm baş məşqçiləri gedib, həm də heyətdə dəyişikliklər olub. Son bir ayın “Dinamo”sunu görmüşük. Oyunları xoşuma gəlib. Bir şeyə əminəm ki, sabah azarkeşlər üçün çox baxımlı futbol olacaq. Bunu hər iki komandanın oyununu göz önünə gətirərək deyirəm.

 

- Az müddətdi ki “Qəbələ”də baş məşqçisiniz. Adaptasiyanız necə keçib?

- Məndə ikinci dövrə başlayıb. Artıq bir dövrə burda olmuşam. Bu müddətdə uzun yol qət etmişik. Oyunumuzu qurmuşuq və buna uyğun qələbələr qazanmışıq. Ancaq mövsüm bitəndən sonra komandada ciddi dəyişikliklər oldu. Biz də oyunumuzu indiki heyətə görə qurmalıyıq. Hətta elə futbolçular var ki, 3-4 gündü komandadadı. Düşünürəm ki, oyun nizam-intizamı baxımından ciddi işlər görmüşük.

 

- “Qəbələ”də sabah meydana çıxacaq futbolçuların çoxu yenidi. Bu mənada komanda sabahkı oyuna nə dərəcədə hazırdı?

- Bu suala qismən də olsa toxundum. Amma konkret cavab versəm, yeni oyunçuların gəlişi ilə bağlı müəyyən problem var. Onların uyğunlaşmaları üçün vaxt lazımdı. Bu çox ciddi prosesdi. Həm də ona görə çətindi ki, biz oyunun detallarını başa düşmək üçün dərindən təhlil etməliyik. Bizim üçün asan məqam odu ki, yüksək səviyyədə oynamış futbolçularla güclənmişik. İnanıram ki, uyğunlaşma prosesi tez gedəcək. Sabahkı oyunda nəticə əldə etməliyik. Oyunun keyfiyyətini isə zamanla daha güclü edəcəyik. Gələcəkdə mükəmməl oyunumuz olacaq. Buna əmin ola bilərsiniz.

 

- Ümumiyyətlə, gələcək məqsəd nədi?

- Mən hələ ki, yalnız sabahkı oyunu düşünürəm. Böyük məqsədə doğru addım-addım irəliləyirik. Sabah ilk addımı atacağıq.

 

- Gətirdiyiniz oyunçulara uyğun sistem quracaqsınız, yoxsa köhnə sistemlə oynayacaqsınız?

- Bilirdik ki, gətirdiyimiz oyunçular sistemimizə uyğundu. Bizim klubun siyasəti budu ki, rəhbərlik maraqlı oyun istəyir. Ona görə də həmin futbolçular bizim görmək istədiyimiz üslubda çıxış edəcəklər.

 

- Nəticənin sizin üçün önəmli olduğunu dediniz. Qolsuz bərabərlik barədə düşünürsünüz?

- Mən bu fikirləri deyəndə heç ağlımdan da keçmirdi ki, müdafiə futbolu oynayacağıq. Onu deyə bilərəm ki, müdafiə futbolu oynamayacağıq. Bizi 0:0 yox, 5:0 hesablı qələbə qane edəcək.

 

- Ekiqonun getməsi maliyyə problemindən qaynaqlanır?

- Bizdə təkcə Ekiqo yox, 13 futbolçu gedib. Hər biri haqda danışsaq çox vaxt aparacaq.

 

- Julius Vobayı “Qəbələ”də görə biləcəyik?

- Biz peşəkarıq, olmayan şey haqda hələ ki, danışmaq istəmirəm. Onunla müqavilə bağlasaydıq, bunu ürəkdən deyərdik.

0