[b]“Eyni halla yenə üzləşmək istəməzdim”[/b] – Branimir Subaşiç
02.07.2015 - 11:12
[b]“Eyni halla yenə üzləşmək istəməzdim”[/b] – Branimir Subaşiç

Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin apasport.az saytına müsahibəsi

 

- Çoxdandı səsiniz-sorağınız gəlmir. “Manisaspor”dan ayrıldıqdan sonra nə işlə məşğulsuz? Özünüzə yeni komanda tapa bilmisizmi?

- “Manisaspor”u tərk etdikdən sonra Serbiyaya gəldim. Hazırda vətənimdəyəm. Bu müddətdə Türkiyənin “Elazığspor” klubu mənə təklif göndərdi, amma qəbul etmədim. Hələlik gözləyirəm.

 

- “Elazığspor”un təklifini klubun maddi durumunun yaxşı olmamağı səbəbindən qəbul etmədiz?

- Bəli, səbəb bu idi. Mən “Manisaspor”da analoji problemlə üzləşdim. Eyni halla yenə üzləşmək istəməzdim. “Elazığspor”da da maddi vəziyyət yaxşı deyil.

 

- Yeri gəlmişkən, “Manisaspor” sizə olan borcunu qaytardımı?

- Xeyr, onlar pulumu hələ verməyiblər.

 

- Axı FİFA-ya şikayət etmişdiz...

- Düzdü, FİFA-ya şikayət etdim. Əvvəl istəmirdim bu addımı atım. Amma sonra gördüm ki, vəziyyət düzələn deyil. FİFA vasitəsilə bütün pullarımı “Manisaspor”dan alacam. Buna görə heç narahat deyiləm. Bilirəm ki, pulumu verəcəklər. Çünki başqa yolları yoxdu.

 

- Türkiyədəki karyeranızdan sonra çətin bir də ora üz tutasız. Yoxsa planınızda yenə PTT I Liqa klubuna keçmək var?

- Azərbaycana qayıtmaq istəyirəm. Ölkəniz mənim üçün doğmadı, bunu bilirsiz. Orda karyeramın gözəl illərini keçirmişəm. Demirəm ki, Türkiyədəki karyeram pis alındı. Həm “Orduspor”da, həm də “Manisaspor”da əlimdən gələni etdim. Bunu birgə işlədiyim məşqçilər də təsdiqləyərlər. Amma maddi durum Türkiyədəki karyeramın daha yaxşı alınmasına mane oldu. Nə isə... İstərdim ki, yenidən Azərbaycanda futbol oynayım.

 

- Bizdə olan məlumata görə, Premyer Liqaya yeni yüksələn “Kəpəz”dən təklif alsanız da, ortaq məxrəcə gələ bilməmisiz...

- (Bir qədər susur). Şahin müəllim (“Kəpəz”in baş məşqçisi Şahin Diniyevi nəzərdə tutur – T.M.) yaxşı məşqçi olduğu kimi, həm də yaxşı insandı. Onunla bir yerdə milli komandada işləmişik. Buna görə də, Şahin Diniyevi yaxından tanıyıram. Çox istərdim ki, “Kəpəz” zirvəyə yüksəlsin.

 

- Yəni “Kəpəz”dən təklif aldığınızı təsdiqləyirsiz...

- Karyeramı harda davam etdirəcəyimi hələ bilmirəm. Təkcə onu deyə bilərəm ki, Azərbaycana qayıtmaq istəyirəm.

 

- Azərbaycan klublarından başqa təklif gəlməyib?

- Xeyr. Gəlsəydi, xəbər tutardız.

 

Tengiz MƏMMƏDOV

0