[b]“...meydanda ölün, amma mərhələni keçin”[/b] – Georgi Nikolov
02.07.2015 - 11:40
[b]“...meydanda ölün, amma mərhələni keçin”[/b] – Georgi Nikolov

“İnter” klubunun prezidenti Georgi Nikolovun apasport.az saytına müsahibəsi

 

- Klubun əksər üzvləri Albaniyada olduğu halda, siz Bakıdasız. Əvvəlki illərdən fərqli, bu dəfə “İnter”i dəstəkləməyə getməməyiniz nə ilə bağlıdı: maddi durumun zəifləməsi, yoxsa başqa amillə?

- Xeyr, maddi vəziyyətlə əlaqəli deyil. Klubun vəziyyəti, yaşaması ilə əlaqədar Bakıda çoxlu işlərim var idi. Bu səbəbdən Albaniyaya getməyə vaxt edə bilmədim.

 

- “Laçi” ilə səfər qarşılaşmasında “İnter”dən hansı nəticəni gözləyirsiz?

- Prinsipcə, həmişə olduğu kimi, optimistəm. Ümid edirəm ki, komanda Bakıya sərfəli nəticə ilə qayıdacaq. Sərfəli nəticə deyəndə, qələbə və ya məhsuldar heç-heçəni nəzərdə tuturam. Bunu bacarsaq, cavab qarşılaşmasına daha rahat çıxacağıq.

 

- “İnter”in heyəti köklü dəyişikliklərə məruz qaldı. Hazırkı futbolçularla Avrokubokda mübarizə aparmaq çətin olacaq. Elə deyilmi?

- Sizinlə razıyam. Amma nə etmək olar? Əvvəl-axır nə vaxtsa dəyişiklik olmalı idi. Bizdə də dəyişiklik hazırkı dönəmə təsadüf etdi.

 

- Razısız ki, “Laçi” əvvəlki, güclü heyətə malik “İnter”in qarşısına çıxsaydı, mərhələni asanlıqla adlayardız...

- Elədi. Əvvəlki illərdə “Laçi” önümüzə çıxsaydı, püşkatmadan çox razı qalardıq. İndiki məqamda isə şanslar bərabərdi. Rəqibi qiymətləndirməmək olmaz. Albanlar meydanda sona qədər işləyir, döyüşürlər. Buna “Neftçi”nin ötən mövsüm “Skenderbeu” səddində ilişməsini misal göstərə bilərəm. Albanlar sübut ediblər ki, yaxşı, keyfiyyətli futbol oynamağı bacarırlar. Odu ki, “Laçi”ni ciddi rəqib hesab etməliyik. Hətta köhnə heyətlə oynasaydıq belə, yenə “Laçi”yə qarşı ehtiyatlı, diqqətli olmalıydıq.

 

- Yeni transferlər barədə fikriniz necədi? Hansının komandaya daha faydalı olacağını düşünürsüz?

- Komandaya təzə gələn futbolçuların bir neçə məşqinə baxmışam. Adaptasiya üçün az vaxtları olub. İmkan tapıb “Qəbələ” ilə yoxlama oyunu keçirdik. İndiki məqamda onların komandaya əlavə güc qatıb-qatmayacağını deyə bilmərəm. Amma yeni transferlərimizin adları çox şeydən xəbər verir. Başlayaq elə Mirhüseyn Seyidov və Rauf Əliyevdən. Hər ikisi özünü sübuta yetirmiş oyunçulardı. Çətinliyə baxmayaraq, köhnə heyətdən qalanlara – Səlahət Ağayev, Nizami Hacıyevə, həmçinin əvəzedici heyətdən götürdüyümüz gənclərə təşəkkürümü bildirirəm. Bundan əlavə, komandaya yeni gürcü futbolçular cəlb etdik. Məşqçilərin sözlərinə görə, onlar da pis oyunçular deyillər, məşqlərdə özlərini yaxşı tərəfdən göstərdilər. Xuan Fransisko da səliqəli, rahat, eyni zamanda təcrübəli futbolçudu, AZAL-da yaxşı işlər görüb. Bir sözlə, gənclərlə təcrübəli futbolçuların vəhtədindən ibarət komanda yaratdıq.

 

- Rauf Əliyev əvvəlki klubu “Neftçi”də özünü heç cür göstərə bilmədi. Bu məqam sizi narahat etmir ki?

- Bilirsiz, futbolçu maşın və ya robot deyil. Heç vaxt ən yüksək rejimdə çalışa bilməz. Futbolçunun da karyerasında eniş olur. Fikrimcə, Raufun psixoloji baxımdan durumu hazırda yaxşıdı. Baş məşqçimiz deyir ki, Rauf oyun praktikasının azlığına baxmayaraq, məşqlərdə yetərincə yüklənməməsinə rəğmən, komandaya kömək edəcək, aparıcı oyunçulardan biri olacaq. Siyahıda Yuri Fomenkonun da adı var. Bilirsiz ki, o, əvvəllər də “İnter”in formasını geyinib. Fomenko bizim klubu, məşqçilərimizin tətbiq etdiyi oyun tərzini bilir. Hazırda yaxşı formadadı, oyun praktikası da var. Gəlin, optimist olaq. İnanırıq ki, yeni transferlərimiz bizə xeyir verəcəklər.

 

- “İnter” son illərdə avrokuboklarda adətən birinci mərhələni keçirdi. Bu dəfə eyni nəticəni təkrarlaya bilməsəniz, sizin üçün faciə sayılacaqmı?

- Mərhələni keçə bilməsək, bizim üçün çox pis hal olacaq. Futbolda 3 nəticə var ki, hər biri qeydə alına bilər. Çox istərdim ki, “İnter” birinci mərhələni keçsin. Bu həm də komandanın qarşısında qoyulan tapşırıqdı. Sonrasına baxarıq, necə olacaq. İkinci mərhələdə də çətin olmayan rəqiblə qarşılaşa bilərik – ya finlandlarla, ya da islandlarla. Klubdakı problemlərə baxmayaraq, ikinci mərhələni də keçə bilərik. Niyə də yox? Ümid sonda ölür.

 

- Bir məqam da var ki, mərhələni keçsəniz, klub əlavə xərcə düşəcək. Bu isə hazırda yaxşı günlərini yaşamayan “İnter”ə sərf etmir. Həqiqətənmi, birinci mərhələni adlamaq niyyətindəsiz?

- Əlbəttə ki. Komandanı Albaniyaya yola salanda məşqçilər korpusunu yığdım və dedim ki, nə edirsiz, edin, lazım gəlsə, meydanda ölün, amma mərhələni keçin. Bu məsələ bizim üçün çox ciddidi. İnanıram ki, komanda missiyanın öhdəsindən gələcək.

 

- Bəs Azərbaycan çempionatının növbəti mövsümündə “İnter”dən nə gözləyək?

- Çətin ki, bu mövsüm çempionluq və ya medallar uğrunda mübarizə aparaq. Açığı, yeni mövsümdə çempionatın səviyyəsinin əvvəlki illərdəki kimi yüksək olacağını düşünmürəm. Odu ki, rahatlıqla ortabab yerlər uğrunda mübarizə apara bilərik.

 

Tengiz MƏMMƏDOV

 

 

 

0